“Tıxaclarda psixoloji gərginliyi azaltmaq üçün əsas məsələ insanın yolda baş verən hər şeyi nəzarətdə saxlamağa çalışmamasıdır”.
Bunu Bakıvaxı.az-a açıqlamasında klinik psixoloq Şirin Məmmədli bildirib.
O qeyd edib ki, tıxac onsuz da insanın idarə edə bilmədiyi bir vəziyyətdir və buna görə əsəbiləşmək, siqnal vermək, digər sürücülərlə mübahisəyə girmək vəziyyəti dəyişmir, sadəcə gərginliyi artırır:
“Əvvəlcə yola çıxarkən vaxtı düzgün planlamaq vacibdir. İnsan görüşə və ya işə gecikəcəyini düşündükdə tıxac daha çox stress yaradır. Bir qədər tez çıxmaq və yolda gecikmə ehtimalını nəzərə almaq bu gərginliyi azalda bilər.
Tıxac zamanı diqqəti davamlı olaraq saata və yoldakı digər sürücülərin davranışına yönəltmək də insanı daha çox yorur. Sakit musiqi və ya dinləmək üçün uyğun podkast seçmək, nəfəsə diqqət etmək, çiyinləri və çənəni boşaltmaq kimi sadə üsullar kömək edə bilər”.

Şirin Məmmədli: İnsan görüşə və ya işə gecikəcəyini düşündükdə tıxac daha çox stress yaradır
Klinik psixoloq onu da əlavə edib ki, tıxac zamanı özümüzə verdiyimiz mesajlar önəmlidir:
“Niyə hamı belə sürür?”, “Mütləq gecikdim”, “Bu vəziyyətə dözə bilmirəm” kimi düşüncələr gərginliyi artırır. Bunun əvəzinə “Tıxac var və bunu hazırda dəyişə bilmirəm, əsas odur ki, təhlükəsiz şəkildə gedim” kimi daha real yanaşma insanın emosional reaksiyasını azalda bilər”.
Müsahibimiz vurğulayıb ki, ən vacibi isə tıxacın yaratdığı əsəbiliyi digər insanlara yönəltməməkdir. Dediyinə görə, siqnal vermək, aqressiv sürmək və digər sürücülərlə mübahisəyə girmək həm psixoloji gərginliyi artırır, həm də yol təhlükəsizliyini riskə atır.
“Tıxacda əsas məqsəd mümkün qədər tez getmək yox, sakit və təhlükəsiz şəkildə mənzilə və ya gedəcəyimiz yerə çatmaqdır”, - deyə Şirin Məmmədli əlavə edib.
Aydın Baxış
















