• Bakı 23° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bu ölkədə 800 min ARI OĞURLANDI

DÜNYA

22 Sentyabr 2026 | 15:57 | Müəllif: Günəş Mərd

Bu ölkədə 800 min ARI OĞURLANDI

Avstraliyanın Kvinslend ştatında naməlum şəxslər üç arıçıya məxsus 44 pətəkdən 800 mindən çox arı oğurlayıblar.

Bakıvaxtı.az xəbər verir ki,“The Guardian”ın məlumatına görə, hadisə ştatın şimalındakı Atherton Tablelands bölgəsində baş verib.

Arıçı Tom Bidnerin sözlərinə görə, oğurlanan hər pətəkdə ən azı 20 min arı olub.

Oğurluğun diqqətlə planlaşdırıldığı bildirilir. Belə ki, cinayətkarlar pətəkləri tamamilə aparmaq əvəzinə yalnız arıların yaşadığı çərçivələrin yerləşdiyi “yetişdirmə qutularını” götürüblər. Daha sonra pətəkləri yenidən yığıblar və uzaqdan baxdıqda oğurluq baş verdiyi nəzərə çarpmayıb.

Bidnerin sözlərinə görə, oğrular avadanlıqlarla təchiz edilmiş yük maşını ilə gəlib və çərçivələri öz qutularına yerləşdirərək aparıblar. Pətəklərdəki bal isə toxunulmaz qalıb.

Arıçı hesab edir ki, oğurluğun arıçılıq sahəsini yaxşı bilən şəxslər tərəfindən törədilməsi mümkündür. Onun sözlərinə görə, belə bir əməliyyat xüsusi bilik və avadanlıq tələb edir.

Oğurluq nəticəsində arıçılar yalnız arıları deyil, həm də tozlandırma müqavilələrindən əldə edəcəkləri gəliri itirmək təhlükəsi ilə üzləşiblər. Zərərin minlərlə dollar təşkil edə biləcəyi, fermerlərin isə zəif tozlanma səbəbindən məhsul itkisi ilə qarşılaşa biləcəyi bildirilir.

Polis də hadisənin həvəskarlar tərəfindən törədilmədiyini ehtimal edir. Arıçı isə bunun indiyədək məlum olan ən böyük arı oğurluqlarından biri olduğunu bildirib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR