• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

ABŞ Qrenlandiyada hərbi mövcudluğunu genişləndirir

DÜNYA

22 Sentyabr 2026 | 15:34 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ Qrenlandiyada hərbi mövcudluğunu genişləndirir

ABŞ, Danimarka və Qrenlandiya arasında hazırlanmış yeni təhlükəsizlik razılaşması Arktikada qüvvələr balansına təsir edə biləcək mühüm addımlardan biridir. Razılaşmaya əsasən, ABŞ Qrenlandiyada hərbi mövcudluğunu genişləndirəcək.

Hazırda fəaliyyət göstərən Pituffik Kosmik Bazasına əlavə olaraq, Qrenlandiyanın cənubundakı Narsarsuaq və şərq sahilindəki Mestersvigdə ABŞ-nin hərbi mövcudluğunun yaradılması nəzərdə tutulur. Narsarsuaq təsadüfi seçilmiş məkan deyil: ABŞ burada Soyuq müharibə dövründə hərbi baza saxlayıb. Beləliklə, Vaşinqton faktiki olaraq onilliklər əvvəl tərk etdiyi strateji nöqtələrdən birinə geri dönür.

Bu addımı yalnız Qrenlandiyanın müdafiəsi ilə izah etmək kifayət deyil. Arktika artıq böyük dövlətlərin rəqabət apardığı əsas geosiyasi məkanlardan birinə çevrilir. Buzlaqların əriməsi yeni dəniz marşrutlarını daha əlçatan edir, regionun enerji və mineral ehtiyatlarının iqtisadi əhəmiyyətini artırır. Digər tərəfdən, Rusiya Arktikada böyük hərbi infrastruktura malikdir, Çin isə özünü “Arktikaya yaxın dövlət” kimi təqdim edərək burada iqtisadi və strateji imkanlarını genişləndirməyə çalışır. ABŞ-ın Qrenlandiyada mövqelərini gücləndirməsi bu mənada həm Moskvaya, həm də Pekinə ünvanlanan uzunmüddətli strateji addım kimi görünür.

Qrenlandiyanın coğrafi mövqeyi onun əhəmiyyətini daha da artırır. Ada Şimali Amerika ilə Avropa arasında yerləşir və Arktikadan Atlantik okeanına çıxış baxımından mühüm nöqtədir. Burada yerləşdirilən radar, hava və kosmik müşahidə imkanları ABŞ-a Rusiyanın şimal istiqamətindən mümkün raket və hərbi fəaliyyətini daha erkən izləmək imkanı verir. Ona görə Qrenlandiya Vaşinqton üçün sadəcə uzaq və böyük bir ada deyil, Şimali Amerikanın müdafiə sisteminin ön xəttlərindən biridir.

Məsələnin siyasi tərəfi isə daha mürəkkəbdir. Donald Tramp əvvəlki dövrlərdə Qrenlandiyaya nəzarət etmək istədiyini açıq şəkildə ifadə etmiş, hətta bunun üçün iqtisadi və hərbi vasitələrdən istifadə ehtimalını tam istisna etməmişdi. Bu mövqe Danimarka ilə ABŞ arasında ciddi narazılıq yaratmış və NATO daxilində də müzakirələrə səbəb olmuşdu. İndi ortaya çıxan razılaşma müəyyən mənada həmin qarşıdurmanın kompromis formuludur: Qrenlandiya Danimarka Krallığının tərkibində qalır və suverenlik məsələsində dəyişiklik baş vermir, lakin ABŞ adada daha geniş hərbi imkanlar əldə edir.

Danimarka üçün əsas məsələ də məhz budur. Kopenhagen Vaşinqtonun təhlükəsizlik maraqlarını qəbul etməklə yanaşı, Qrenlandiyanın ABŞ-nin birtərəfli nəzarət zonasına çevrilməsini istəmir. Buna görə yeni modeldə Arktikanın təhlükəsizliyinin NATO çərçivəsində təmin olunması ön plana çıxarılır. Bu yanaşma ABŞ-nin hərbi imkanlarını artırır, eyni zamanda Danimarkanın suverenliyini və Qrenlandiyanın öz müqəddəratını müəyyən etmək hüququnu formal olaraq qoruyur. Razılaşmanın tam mətni açıqlananda Vaşinqtona verilən hüquqların konkret sərhədləri daha aydın görünəcək.

Bütövlükdə isə proses göstərir ki, böyük dövlətlər arasında rəqabətin yeni coğrafiyalarından biri məhz Arktika olacaq. Əvvəllər daha çox iqlim, elmi tədqiqatlar və enerji ehtiyatları ilə gündəmə gələn region getdikcə hərbiləşir. ABŞ-ın Qrenlandiyada genişlənməsi, Rusiyanın Arktikadakı mövcud infrastrukturu və Çinin regiona artan marağı birlikdə nəzərdən keçirildikdə, burada uzunmüddətli strateji rəqabətin konturları görünür. Bu baxımdan Qrenlandiya razılaşması təkcə ABŞ–Danimarka münasibətlərinin məsələsi deyil; Arktikada formalaşan yeni təhlükəsizlik arxitekturasının konkret göstəricilərindən biridir.

Alim Nəsirov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR