"2026-cı ilin ilk 6 ayı üzrə Azərbaycanın tədiyə balansı göstəricilərini təhlil edərkən xarici iqtisadi mövqeyimizdə kifayət qədər ciddi və diqqətçəkən dəyişikliklərin baş verdiyini görürük. Ötən ilin eyni dövrü ilə müqayisədə cari əməliyyatlar balansının profisiti təxminən 2 dəfə artaraq 2,3 milyard dollardan 4,7 milyard dollara yüksəlib. Bu göstəricinin ölkə ÜDM-indəki payı da 6,3%-dən 12,4%-ə qalxıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı-eskpert Eldəniz Zeynalov bildirib.
O qeyd edib ki, mənzərəyə ümumi baxdıqda müsbət tendensiyalar üstünlük təşkil edir, lakin rəqəmlərin arxasındakı səbəbləri düzgün oxumaq vacibdir. Dinamikadakı müsbət məqamlar bunlardır:
"Neft-qaz sektorunun dominantlığı: Sektor üzrə profisit 23,6% artaraq 7,3 milyard dollardan 9 milyard dollara çatıb. Xam neft ixracı 7,6 milyard dollar, təbii qaz ixracı 4,2 milyard dollar, neft emalı məhsulları isə 0,5 milyard dollar təşkil edib.
Qeyri-neft kəsirinin kiçilməsi: Qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri 13,7% azalaraq 5 milyard dollardan 4,3 milyard dollara düşüb. Eyni zamanda qeyri-neft ixracı 18% artaraq 2 milyard dollara çatıb.
Birdəfəlik qızıl satışı faktoru: Burada vacib bir nüansı nəzərdən qaçırmaq olmaz. İlin ilk 3 ayında qeyri-neft ixracı 862 milyon dollar olduğu halda, aprel ayında əvvəlki illərdən toplanmış böyük həcmdə qızılın satışı həyata keçirilib və ilk 4 ay üzrə təkcə qızıl ixracı 3,6 milyard dollara yüksəlib. Deməli, xarici ticarətdəki bu kəskin sıçrayışın müəyyən hissəsi müəssisələrin cari istehsalından deyil, məhz bu birdəfəlik əməliyyatdan qaynaqlanır.
Nəqliyyatın artan rolu: Nəqliyyat xidmətlərinin ixracı 6,6% artıb, idxalı isə 1,7% azalıb. Nəticədə bu sahədən daxil olan net profisit 9,9% artaraq 941,1 milyon dollara çatıb. Nəqliyyat sektoru artıq xidmətlər balansında dayanıqlı gəlir mənbəyinə çevrilir.
İnvestisiya və rezervlər: Qeyri-neft-qaz sektoruna cəlb edilən birbaşa xarici investisiyalar 19,6% artaraq 0,9 milyard dollar olub. Ehtiyat aktivləri isə ötən ilin müvafiq dövründəki azalmadan sonra bu il 1,4 milyard dollar artım nümayiş etdirib".
Ekspert mənfi tendensiyalar və həssas məqamlara da toxunub:
"Turizm sektorundakı zəifləmə: Qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 14,7% azalaraq 1,7 milyard dollardan 1,4 milyard dollara düşüb. Azərbaycana gələn xarici vətəndaşların sayında 10,3%-lik azalma fonunda turizm balansı profisiti təxminən 76% çökərək 194,3 milyon dollardan 47,2 milyon dollara enib.
Neft-qaz xidmət kəsiri: Neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri 705,2 milyon dollardan 1 milyard dollara qədər genişlənib.
Xaricə kapitallaşma: Ölkəyə cəlb edilən birbaşa xarici investisiyalar (3,7 milyard dollar) artsa da, Azərbaycanın xaricə yönəltdiyi birbaşa investisiyalar kəskin sıçrayışla 1,3 milyard dollardan 5 milyard dollara yüksəlib.
Yekun olaraq, 2026-cı ilin ilk yarısında tədiyə balansı karbohidrogen qiymətləri, nəqliyyat gəlirləri və qızıl satışı hesabına kifayət qədər möhkəm görünür. Lakin turizmdəki geriləmə və kapitalın ölkədən kənara axınının sürətlənməsi qarşıdakı dövrdə diqqətdə saxlanılması gərəkən əsas risk sahələridir".
Murad İsmayıl
















