q
  • Bakı 18° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Zəfərin mənəvi sütunu: Ordumuzda psixoloji hazırlıq və vətənpərvərlik

LAYİHƏ

15 May 2026 | 16:50

Zəfərin mənəvi sütunu: Ordumuzda psixoloji hazırlıq və vətənpərvərlik

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən Müharibəsi, xalqımızın milli qürurunun bərpası və tarixi ədalətin təntənəsidir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün davam edən "Dəmir Yumruq" əməliyyatı, Azərbaycanın hərbi-strateji qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu zəfər, otuz ilə yaxın davam edən torpaq həsrətinə son qoymaqla yanaşı, həm də Cənubi Qafqazda yeni bir dövrün - inkişaf və quruculuq mərhələsinin əsasını qoydu.

Lakin Azərbaycanın apardığı bu müharibə sadəcə hərbi əməliyyat deyil, həm də humanizm prinsiplərinin qorunması uğrunda aparılan bir mübarizə idi. Belə ki, döyüş meydanında məğlub olan Ermənistan tərəfi, beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq, münaqişə zonasından uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizi ballistik raketlərlə hədəf almışdır. Dinc əhalinin qətlə yetirilməsi, mülki infrastrukturun dağıdılması və ekoloji terrorun törədilməsi Ermənistanın sülh və insanlıq əleyhinə apardığı sistemli cinayət siyasətinin bariz göstəricisidir.

Bu gün qazanılmış tarixi qələbənin nəticələrini qorumaq və möhkəmləndirmək üçün ən mühüm vəzifələrdən biri də informasiya cəbhəsində fəallığı artırmaqdır. Ermənistanın törətdiyi müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirilən vandalizm aktları və işğaldan azad edilmiş ərazilərdəki real vəziyyət haqqında həqiqətlərin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması müasir dövrün ən aktual tələbidir.

Müzəffər ordumuzun yüksək mənəvi-psixoloji hazırlığı düşmənin hərbi cinayətləri və təxribatları qarşısında qələbəni şərtləndirən əsas amil kimi necə xarakterizə olunur?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, mənəvi psixoloji vəziyyət şəxsi heyətin əsas göstəricilərindən biridir. Çünki mənəvi psixoloji vəziyyət nə qədər yüksək olsa, vəzifənin yerinə yetirilməsi, öz ixtisasına yiyələnməsi, nizam-intizam da bir o qədər yüksək olur. Bunların hamısı mənəvi psixoloji durumla bağlıdır:

"Biz bəzən mənəvi psixoloji durumu vətənpərvərlik ruhu ilə eyni mənada düşünürük. Sinonim kimi bunu qəbul etmək olar. Ona görə Azərbaycan Ordusunda bununla bağlı çox böyük tədqiqatlar aparılıb. Bu proses daim təhlil olunur, digər ölkələrin təcrübələri öyrənilir və təhlillər aparılır.

Azərbaycanın mənəvi psixoloji vəziyyəti, yaxud durumu ilk növbədə vətənpərvərlik ruhuna, milli dəyərlərimizə, milli xüsusiyyətlərimizə, milli mentalitetimizə uyğun olaraq formalaşan bir faktordur.

Bununla bağlı bizim mənəvi psixoloji durum üzrə ixtisaslaşmış zabitlərimiz var. Təbii ki, bu zabitlər prosesi daha səmərəli həyata keçirmək üçün elmi cəhətdən əsaslandırılmış hazırlıq keçirlər və müəyyən bilik bazasına yiyələnirlər. Sonra da Azərbaycan Ordusunda öz vəzifələrini icra edərkən bundan istifadə edirlər".

Müsahibimizin sözlərinə görə, bu gün Azərbaycan Ordusunun mənəvi psixoloji durumu yüksək qiymətləndirilir və bunun üçün əsasımız var. Hələ Vətən müharibəsinə qədər mənəvi psixoloji istiqamətə çox böyük diqqət yetirilirdi və bunun nə qədər doğru olduğunu Vətən müharibəsində görmüşük.

Aprel döyüşləri çox vaxt Vətən müharibəsinin əsas məşqi, sınağı kimi qəbul olunur. Mənəvi psixoloji durumla bağlı apardığımız işlər həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində özünü tam doğrultdu:

"Mən deyərdim ki, mənəvi psixoloji durumu yalnız orduda gedən proseslərlə əlaqələndirmək düzgün olmaz. Bu gün cəmiyyətdə gedən proseslər, hər bir ailədə orduya olan diqqət, hörmət, sevgi və sayğı mənəvi psixoloji durumun formalaşmasında böyük rol oynayır.

Cəmiyyətdən gələn gəncin mənəvi psixoloji durumunu bir il və ya bir il yarım ərzində maksimum səviyyəyə çatdırmaq mümkün deyil. Hər şey həyatda gedən proseslərlə bağlıdır. Bu gün Azərbaycanda vətənpərvərlik ruhunun formalaşdırılması istiqamətində görülən tədbirlər mühüm rol oynayır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil müəssisələrində vətənpərvərlik ruhunun formalaşdırılması strategiyası ilə bağlı sənədi var və bu proses bütün təhsil müəssisələrində elmi əsaslarla, proqramlı şəkildə həyata keçirilir".

Ekspert bildirib ki, Vətən müharibəsinə qədər aparılan bu proseslər öz müsbət nəticəsini müharibə dövründə göstərdi.

Digər tərəfdən, müxtəlif təşkilatlarda, gənclər birliklərində, məktəblərdə, ali məktəblərdə və hətta bağçalarda belə vətənpərvərlik istiqamətində tədbirlər keçirilir. Bəzən uşaqlar hərbi geyimdə tədbirlərdə iştirak edirlər. Yəni kiçik yaşlardan mənəvi psixoloji durumun yüksəldilməsi üçün dövlət çalışır, ailələr də bu məsələdə müsbət rol oynayır:

"Ailə, məktəb və daha sonra ordu bu formalaşmanın əsas mərhələləridir. Orduda isə bu proses artıq ordu həyatı, vəzifələrin icrası, tapşırıqların yerinə yetirilməsi və xidmət mühiti ilə bağlı şəkildə davam edir.

Əgər cəmiyyətdə bu proses lazımi diqqət mərkəzində deyilsə, mənəvi psixoloji durumun bütün məsuliyyətini yalnız ordunun üzərinə qoymaq olmaz.

Bu gün müharibə əlillərinə göstərilən diqqət, istər dövlət, istər cəmiyyət, istərsə də adi insanlar tərəfindən onlara olan münasibət vətənpərvərlik ruhunun və mənəvi psixoloji durumun formalaşmasında mühüm rol oynayır.

Orduya gələn gənclər artıq orduda gedən proseslərə, çətinliklərə və nizamnamə qaydalarına psixoloji cəhətdən hazır gəlirlər. Buna görə də onların ordu həyatına adaptasiyası çox çətin keçmir".

Şair Ramaldanov: Orduya gələn gənclər artıq çətinliklərə və nizamnamə qaydalarına psixoloji cəhətdən hazır gəlirlər

Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq yarışlarda, tədbirlərdə və müxtəlif əməkdaşlıq platformalarında həmişə müsbət şəkildə seçilir və yüksək qiymətlər alırlar. Digər ordularla keçirilən tədbirlərdə də Azərbaycan əsgərlərinin mənəvi psixoloji durumunun yüksək olması xüsusi qeyd olunur:

"Mən özüm korpus komandiri olanda bir hadisə yaşamışdım. O vaxt yollar indiki kimi deyildi, posta çıxmaq üçün 7-8 kilometr piyada gedirdik. Əsgərlərlə görüşəndə onların vəziyyətini yaxından öyrənmək istəyirdim. Soruşdum ki, nə ehtiyacınız var? 1995-1996-cı illər idi. Təminat çox çətin idi. Əsgərlər isə sadəcə dedilər ki, “Komandir, gəlib bizi yad etdiniz, bizimlə görüşdünüz, bu bizim üçün xoşdur”. Heç biri nəyinsə çatışmadığını demədi.

Gördüm ki, bir əsgərin ayaqqabısı artıq köhnəlib. Dedim ki, “Niyə demirsən ayaqqabın bu vəziyyətdədir?”

Əsgər mənə cavab verdi:

“Komandir, bilirik ki, respublikada vəziyyət çətindir. Biz burada xidmətimizi aparacağıq. İnşallah dövlətimiz güclənər, insanlar daha yaxşı yaşayər və bizim təminatımız da yaxşılaşar”.

Bu, çox böyük nümunə idi. Bu gün Vətən müharibəsində iştirak edən gənclər Birinci Qarabağ müharibəsi iştirakçılarının övladları idi. Onlar atalarının başladığı işi davam etdirərək yüksək vətənpərvərlik ruhu ilə qələbə qazandılar".

Ş.Ramaldanov qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən antiterror tədbirlərində separatizmə son qoyuldu. Azərbaycan əsgərinin mənəvi psixoloji durumu o qədər yüksək idi ki, qısa müddət ərzində qanunsuz silahlı birləşmələrin mövqeləri darmadağın edildi və Azərbaycanın suverenliyi tam bərpa olundu:

"Sonrakı dövrlərdə sərhəddə baş verən təxribatlara da Azərbaycan əsgəri layiqli cavab verdi. Bu gün Azərbaycan Ordusu artıq döyüş təcrübəsi olan bir ordudur. Müharibə və antiterror tədbirlərindən əldə olunan təcrübələr əsasında mənəvi psixoloji durumun daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan əsgərinin mənəvi psixoloji durumunun yüksək olması onun davranışında, geyimində, nizam-intizamında və ümumi münasibətində açıq şəkildə görünür. Azərbaycanın mənəvi psixoloji durumu xalqımızın mentalitetinə, milli ənənələrinə və dəyərlərinə bağlı şəkildə formalaşır.

Mənəvi psixoloji durumun yüksəldilməsi Azərbaycan Ordusunun qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirməsinin əsas təminatçılarından biridir".

Zeynəb Rzayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR