• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

İKT-nin inkişafı: Dövlət idarəçiliyində yeni şəffaflıq və çeviklik mərhələsi

LAYİHƏ

26 May 2026 | 12:25

İKT-nin inkişafı: Dövlət idarəçiliyində yeni şəffaflıq və çeviklik mərhələsi

6.3.13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı dövlətlərin sosial-iqtisadi tərəqqisini müəyyənləşdirən əsas istiqamətlərdən biri hesab olunur. Dünyada rəqəmsal transformasiyanın sürətlənməsi göstərir ki, texnologiya artıq yalnız müəyyən sahələrə aid texniki yenilik deyil, cəmiyyətin bütün sahələrinə təsir edən əsas inkişaf mexanizmlərindən birinə çevrilib. Dövlət idarəçiliyi, iqtisadiyyat, təhsil, səhiyyə, media, biznes, bank sektoru, nəqliyyat və gündəlik sosial münasibətlər getdikcə daha çox rəqəmsal həllər üzərində qurulur. Bu baxımdan informasiya və kommunikasiya texnologiyalarının inkişafı həm vətəndaşların gündəlik həyatını asanlaşdırır, həm də dövlətin çevik idarəçilik imkanlarını gücləndirir.

Azərbaycan da qlobal rəqəmsallaşma prosesinin aktiv iştirakçısı kimi son illər bu istiqamətdə ardıcıl addımlar atır. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin strateji hədəfləri sırasında xüsusi yer tutur. Bu istiqamətdə qəbul olunan dövlət proqramları, rəqəmsal idarəetmənin genişləndirilməsi, elektron xidmətlərin artırılması, internet infrastrukturunun gücləndirilməsi, mobil texnologiyaların daha geniş tətbiqi və dövlət xidmətlərinin vahid platformalarda cəmləşdirilməsi Azərbaycanda rəqəmsal transformasiyanın əsas mərhələlərini formalaşdırır. Məqsəd yalnız texniki yenilənməyə nail olmaq deyil, eyni zamanda dövlət-vətəndaş münasibətlərini daha əlçatan, şəffaf və sürətli formaya gətirməkdir.

Son illərdə Azərbaycanda rəqəmsallaşma istiqamətində həyata keçirilən yeniliklər vətəndaşların gündəlik həyatında da açıq şəkildə hiss olunur. Əvvəllər müxtəlif dövlət qurumlarına şəxsən müraciət etməyi tələb edən bir çox xidmət artıq elektron platformalar üzərindən təqdim olunur. Arayışların alınması, sənədlərin təsdiqlənməsi, sosial xidmətlərdən istifadə, müxtəlif müraciətlərin göndərilməsi və digər prosedurların əksəriyyəti artıq rəqəmsal mühitdə həyata keçirilir. Bu isə həm vətəndaşların vaxt itkisini azaldır, həm də xidmətlərin daha əlçatan olmasına şərait yaradır. Xüsusilə mobil texnologiyaların geniş yayılması bu prosesi daha da sürətləndirib. Artıq bir çox xidmətlərə yalnız telefon vasitəsilə çıxış mümkündür və bu, gündəlik həyatın vacib hissəsinə çevrilib.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı yalnız idarəetmə sistemində deyil, iqtisadiyyatın inkişafında da mühüm rol oynayır. Rəqəmsal platformalar biznes mühitinin daha çevik formalaşmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə, elektron ticarətin inkişafına və yeni innovativ imkanların yaranmasına şərait yaradır. Eyni zamanda rəqəmsal texnologiyalar əmək bazarında yeni peşələrin və yeni bacarıqların formalaşmasına da təsir göstərir. Bu da ölkənin iqtisadi dayanıqlılığının güclənməsi baxımından vacib hesab olunur.

Təhsil sahəsində də informasiya-kommunikasiya texnologiyalarının rolu sürətlə artır. Elektron resurslara çıxış imkanlarının genişlənməsi, distant təhsil platformalarının istifadəsi, rəqəmsal tədris alətlərinin tətbiqi təhsil sistemində yeni yanaşmalar formalaşdırır. Media sahəsində informasiya daha operativ yayılır, rəqəmsal platformalar auditoriya ilə daha sürətli əlaqə yaratmağa imkan verir. Səhiyyədə isə elektron sistemlərin tətbiqi vətəndaşların xidmətlərə çıxışını asanlaşdırır və idarəetməni daha çevik edir.

Rəqəmsal inkişaf eyni zamanda dövlət xidmətlərinin vahid platformada birləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu yanaşma vətəndaş üçün istifadə rahatlığı yaradır, xidmətlər arasında əlaqələndirməni gücləndirir və idarəetmədə əlavə vaxt itkisini azaldır. Son illər Azərbaycanda bu istiqamətdə həyata keçirilən layihələr göstərir ki, rəqəmsallaşma artıq ayrıca texniki sahə deyil, ümumi inkişaf modelinin mühüm tərkib hissəsinə çevrilib.

Qlobal miqyasda rəqəmsal inkişaf tempinin artdığı bir dövrdə Azərbaycanın bu prosesdə fəal iştirak etməsi həm daxili idarəetmənin müasirləşməsi, həm iqtisadi imkanların genişlənməsi, həm də ölkənin beynəlxalq rəqabət imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni texnologiyaların tətbiqi, rəqəmsal həllərin genişlənməsi və xidmətlərin daha mərkəzləşdirilmiş sistem üzərindən təqdim olunması gələcək inkişaf üçün mühüm baza formalaşdırır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan media eksperti Azər Həsrət bildirib ki, rəqəmsallaşma sahəsində Azərbaycan dünya tendensiyalarından geri qalmır.

Onun sözlərinə görə, ölkədə ən yeni texnologiyaların tətbiqi artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib:

“Rəqəmsallaşma baxımından Azərbaycan faktiki olaraq dünya trendindən geri qalmır. Ölkəmiz bu sahədə ən yeni texnologiyaları tətbiq edir. Elektron idarəetmə demək olar ki, yüksək səviyyədə təşkil olunub. Düzdür, müəyyən çatışmazlıqlar var, bəzi qurumlar və bəzi xidmətlər hələ tam uyğunlaşdırılmayıb. Amma ümumilikdə həyatımız həqiqətən də xeyli asanlaşıb”.

Azər Həsrət qeyd edib ki, artıq vətəndaşlar bir çox xidmətləri olduqları yerdən rahat şəkildə əldə edə bilirlər.

“Bu gün evdə oturduğumuz yerdə, yolda olarkən, hətta istirahətdə olarkən belə adi bir mobil telefon vasitəsilə bir çox məsələləri həll edə bilirik. Əvvəllər olduğu kimi fiziki şəkildə harasa getməyə ehtiyac qalmayıb. Artıq SİMA imzası ilə də bir çox xidmətlərdən istifadə etmək mümkündür”.

Azər Həsrət: Rəqəmsallaşma baxımından Azərbaycan faktiki olaraq dünya trendindən geri qalmır

Media eksperti bildirib ki, son dövrlər MyGov platformasında xidmətlərin bir mərkəzdə birləşdirilməsi də bu sahədə mühüm mərhələdir.

“Əvvəllər ayrı-ayrı qurumların öz tətbiqləri vardı. İndi isə ‘bir pəncərə’ prinsipi ilə bu xidmətlərin MyGov-da toplanması prosesi gedir. Bu həm vətəndaş üçün rahatlıq yaradır, həm də xidmətlər arasında interaktivliyi gücləndirir”.

Azər Həsrət əlavə edib ki, Azərbaycanın bu istiqamətdə qazandığı təcrübə beynəlxalq maraq da doğurur.

“Azərbaycan dünyada baş verən texnoloji dəyişikliklərdən geri qalmır. Hətta bəzi istiqamətlərdə bir sıra ölkələri qabaqlayırıq. Azərbaycanın təcrübəsini öyrənən ölkələr də az deyil. Xüsusilə də ASAN xidmət modelinə maraq göstərən və onu tətbiq edən dövlətlər var”.

Zeynəb Rzayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR