• Bakı 24° C

    5.03 m/s

Qərbi Nil virusuna qarşı “növbətçi toyuqlar”dan istifadə olunur

DÜNYA

12 Sentyabr 2026 | 19:45 | Müəllif: Günəş Mərd

Qərbi Nil virusuna qarşı “növbətçi toyuqlar”dan istifadə olunur

ABŞ-nin Delaver ştatında Qərbi Nil virusu və digər ağcaqanad yolu ilə yayılan xəstəliklərin erkən aşkarlanması məqsədilə qeyri-adi üsuldan istifadə olunur.

Bakıvaxtı.azxəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) Qərbi Nil virusu hallarının erkən artımı ilə bağlı xəbərdarlığından sonra Delaver ştatında “növbətçi toyuqlar” xüsusi müşahidə vasitəsi kimi tətbiq edilib.

Məlumata görə, toyuqlar Qərbi Nil virusu və Şərqi At Ensefaliti kimi təhlükəli xəstəlikləri daşıyan ağcaqanadların aktivliyini əvvəlcədən müəyyənləşdirməyə imkan verir. Toyuqlar virusa yoluxa və analizləri müsbət çıxa bilsə də, xəstəliyi ətraf mühitə yaymırlar.

Bu səbəbdən ştat üzrə müəyyən edilmiş 20 fərqli ərazidə toyuqlar saxlanılır. Onların qanında viruslara qarşı yaranan anticisimlər analiz edilərək hansı bölgələrdə virus aktivliyinin artdığı müəyyənləşdirilir. Əldə olunan məlumatlar əsasında ağcaqanadlara qarşı dərmanlama və əhalinin maarifləndirilməsi tədbirləri daha riskli ərazilərə yönəldilir.

“Növbətçi toyuqlar” niyə istifadə olunur?

Bəzi ştatlarda ağcaqanadların toplu şəkildə analiz edilməsi üsuluna üstünlük verilsə də, Delaver rəsmiləri toyuqlardan istifadənin bir sıra üstünlüklərə malik olduğunu bildirirlər.

Toyuqlar ağcaqanadlardan fərqli olaraq müəyyən ərazidən uzaqlaşmadığı üçün yoluxmuş həşəratların konkret hansı bölgədə aktiv olduğunu müəyyənləşdirmək daha asan olur. Toyuqların qanında anticisimlərin yaranması təxminən bir həftə çəksə də, bu üsul bəzi hallarda ağcaqanad nümunələrində aşkar edilməyən virus aktivliyini üzə çıxara bilir.

Mütəxəssislərin fikrincə, köçəri quşların virusları ağcaqanadlara ötürməsi nəticəsində xəstəliklərin yayılma riski artdıqca belə müşahidə sistemləri həkim və baytarlıq xidmətlərinə daha erkən tədbir görməyə imkan verir.

Onilliklərin məlumatları gələcək epidemiyaları proqnozlaşdırmağa kömək edir

Toyuqlardan onilliklər ərzində toplanan məlumatlar alimlər üçün geniş məlumat bazası yaradıb. Tədqiqatçılar bu məlumatları temperatur dəyişiklikləri, yağıntı göstəriciləri, ətraf mühit amilləri və quşların miqrasiya hərəkətləri ilə birləşdirərək xüsusi rəqəmsal modellər hazırlayırlar.

Bu modellər vasitəsilə hava və ekoloji şəraitin virusların yayılmasına necə təsir etdiyi araşdırılır və gələcəkdə riskli xəstəlik mövsümlərinin əvvəlcədən proqnozlaşdırılması hədəflənir.

Murad İsmayıl 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026