Qazaxıstanın qərbində, təxminən 1500 il əvvələ aid məzardan gənc qadına məxsus olduğu müəyyən edilən qızıl bəzəkli ayaqqabılar aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, tapıntılar Xəzər dənizi sahilində, Manqışlaq yarımadasında yerləşən Aktau şəhəri yaxınlığındakı Karavak nekropolunda üzə çıxarılıb.
Arxeoloqlar ayaqqabıları ətraflı şəkildə araşdırıblar.
Tədqiqatlar göstərib ki, ayaqqabılar tamamilə qızıldan hazırlanmayıb. Onların üzəri nazik qızıl lövhələrlə örtülüb. Bu üsul ayaqqabılara tamamilə qızıldan hazırlanmış görünüş vermək məqsədi daşıyıb.
Məzarın gənc qadına aid olduğunu müəyyən edən tədqiqatçılar onun dəfn mərasimində olduqca təmtəraqlı geyimdə torpağa tapşırıldığını ehtimal edirlər.
Qızıl bəzəklər yalnız ayaqqabılarla məhdudlaşmayıb. Qadının baş geyimində dairəvi qızıl lövhələr, qırmızı parçadan hazırlanmış tac və maska formasında detallar da aşkarlanıb.
Ayaqqabı və kəmərdəki bəzi tokaların gündəlik istifadə üçün uyğun olmaması da arxeoloqların diqqətini çəkib. Detallarda funksional istifadə üçün zəruri birləşmələrin olmaması onların qadın sağlığında istifadə etdiyi əşyalardan çox, xüsusi olaraq dəfn mərasimi üçün hazırlandığını göstərir.
Tapıntı həmin dövrdə bölgədəki sənətkarlıq ənənələri, dəfn mərasimləri və müxtəlif ərazilər arasındakı mədəni-ticari əlaqələr barədə mühüm məlumatlar verir.
Murad İsmayıl
















