• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Pekin Tehrana qarşı HANSI ADDIMI ATACAQ?

SİYASƏT

19 Sentyabr 2026 | 10:30 | Müəllif: Zeynəb Rzayeva

Pekin Tehrana qarşı HANSI ADDIMI ATACAQ?

Səudiyyə Ərəbistanının müraciətindən sonra Çinin gizli şəkildə İrana müraciət edərək, Yəməndəki husilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı ətrafındakı hərbi irəliləyişlərini dayandırmağı və bölgədəki gərginliyi azaltmağı xahiş etdiyi bildirilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İrfan bildirib ki, bu müraciət ilk növbədə Səudiyyə Ərəbistanının ABŞ-dən gözləntilərinin özünü doğrultmamasını göstərir.

“Həm də husilərin Səudiyyə Ərəbistanının neft infrastrukturu və qlobal enerji marşrutları üçün birbaşa təhlükə yaratması Ər-Riyadı Çinin iqtisadi rıçaqlarından yararlanmağa sövq edib”.

Politoloqun sözlərinə görə, Pekin bu məsələdə olduqca ehtiyatlı, lakin qətiyyətli mövqe nümayiş etdirəcək.

“Rəsmi olaraq Çin Xarici İşlər Nazirliyi tərəfləri dialoqa və gərginliyi azaltmağa çağırsa da, pərdəarxası danışıqlarda İrandan konkret addımlar tələb edir”.

Tural İrfan qeyd edib ki, Çin üçün Yaxın Şərqdə stabillik həyati əhəmiyyət kəsb edir.

“Çünki onun neft idxalının təxminən yarısı bu regiondan təmin olunur və Körfəz ölkələri ilə 300 milyard dollarlıq ticarət dövriyyəsi mövcuddur. Lakin Çin İrana qarşı açıq iqtisadi və ya hərbi təhdidlər irəli sürməkdən yayınır, çünki Tehranla uzunmüddətli strateji tərəfdaşlığını da tamamilə pozmaq istəmir”.

Ekspertin sözlərinə görə, İran rəsmilərinin, o cümlədən Çinə səfər edən xarici işlər naziri Abbas Əraqçinin ilkin reaksiyası ondan ibarətdir ki, regionda sabitlik yalnız ABŞ və İsrailin İrana qarşı apardığı müharibə və təzyiqlərin dayandırılmasından asılıdır.

“Tehran Çinin maraqlarını tamamilə qulaqardına vura bilməsə də, öz qərarlarını yalnız Pekinin istəklərinə görə deyil, daxili hərbi-strateji prioritetlərinə və regional nüfuz dairəsini, müqavimət oxunu qorumaq prinsiplərinə uyğun formalaşdırır”.

Politoloq vurğulayıb ki, Çinin əlində hərbi təhdid alətləri olmasa da, İran üzərində böyük iqtisadi və diplomatik rıçaqları var.

“Pekin Tehrana təsir etmək üçün bir neçə yoldan istifadə edə bilər. Çin on ildən artıqdır ki, İranın ən böyük ticarət tərəfdaşı və onun xam neftinin əsas alıcısıdır. İranın dəniz yolu ilə ixrac etdiyi neftin 80%-dən çoxu məhz Çin tərəfindən alınır”.

Tural İrfanın sözlərinə görə, Pekin neft alışları və ödəniş şərtləri üzərindən Tehrana iqtisadi təzyiq göstərə bilər.

“Pekin bu satınalmaların həcmini azaltmaq və ya ödəniş şərtlərini çətinləşdirməklə sanksiyalar altında boğulan İran iqtisadiyyatına ciddi zərbə vura biləcəyinə işarə edə bilər”.

Ekspert xatırladıb ki, 2021-ci ildə Çin və İran arasında 25 illik genişmiqyaslı əməkdaşlıq müqaviləsi imzalanıb.

“İran daxilində Çinin qeyri-neft sektoruna investisiyalarının azlığından onsuz da narazılıqlar var. Çin İrana vəd edilən investisiya layihələrini və infrastruktur dəstəyini husilərin davranışından asılı vəziyyətə gətirə bilər”.

Politoloq əlavə edib ki, Pekinin Tehrana təsir imkanları diplomatik müstəvini də əhatə edir.

“Çin BMT Təhlükəsizlik Şurasında İranın maraqlarını qoruyan, məsələn, sanksiyalara qarşı veto hüququndan istifadə edən əsas qlobal güclərdən biridir. Pekin Tehrana diplomatik müstəvidə göstərdiyi bu “qalxan” rolunu zəiflədəcəyi ilə bağlı siqnallar ötürə bilər”. 

Tural İrfanın sözlərinə görə, Çin Səudiyyə Ərəbistanı və digər BƏƏ kimi Körfəz ölkələri ilə iqtisadi əlaqələrini daha da dərinləşdirərək, regional balansda İranı təcrid etmək xəttini seçə bilər.

“Bu, İranın regionda geosiyasi baxımdan daha da zəifləməsinə səbəb ola bilər. Beləliklə, Səudiyyə Ərəbistanının Çinə müraciətinin regionda vəziyyəti tamamilə dəyişdirmək imkanına malik olması ehtimalı böyükdür”. 

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026