Astara rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndi Təxtənəkəran ərazisində qeydə alınıb.
Samid Həmidovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili qarşıdan gələn, Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub.
Toqquşmadan sonra “Ford Transit” yoldan çıxaraq aşıb.
Qəza nəticəsində “Niva”nın sürücüsü Gülağa Əliyev, onun oğlu, 1980-ci il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, eləcə də Rinə kənd sakinləri – 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Vəziyyəti ağır olan Gülağa Əliyev və Rüstəm Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlara ilkin olaraq dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyulub.
İlkin məlumata görə, qəza zamanı “Ford Transit”in əyləc sistemində nasazlıq yaranıb və avtomobilin “Niva” ilə toqquşmasının qarşısını almaq mümkün olmayıb.
“Ford Transit”in sürücüsü qəza zamanı xəsarət almayıb.
Qeyd edək ki, hadisənin baş verdiyi yol sahəsi enişli-yoxuşludur.
Faktla bağlı araşdırma aparılır.
















