İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutunun təşkili ilə bağlı yekun razılığa gəliblər.
Bakıvaxtı.az xəbər verir ki,“Tasnim” xəbər agentliyinin mənbəyə istinadən yaydığı məlumata görə, razılaşmanın yaxın vaxtlarda Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə elan edilməsi gözlənilir.
Mənbə bildirib ki, sözügedən razılaşma yalnız İran və Oman arasında əldə olunub. Digər ölkələrin nümayəndələri isə görüşdə marşrutun detalları və naviqasiya qaydaları ilə tanış olmaq məqsədilə iştirak edəcəklər.
Razılaşmaya əsasən, Hörmüz boğazı vasitəsilə Fars körfəzinə giriş marşrutu tamamilə İranın ərazi sularından keçəcək. Çıxış marşrutunun bir hissəsi isə İranın ərazi sularını əhatə edəcək.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirən və beynəlxalq enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir.
















