Bu gün səhər Bakı yenə öz yerində idi.
Maşınlar da.
Tıxac da.
Siqnallar da.
Yəni narahat olmağa heç bir səbəb yox idi — hər şey plan üzrə gedirdi.
Məktəblər açıldı, şəhər də öz ənənəvi “sentyabr proqramını” işə saldı.
Bir küçə bağlandı.
O biri də.
Sonra məlum oldu ki, üçüncü küçə də çoxdan ümidini itirib.
Bakıda səhər saatlarında məsafə artıq kilometrlə ölçülmür.
“Nə qədər yol qalıb?” sualının cavabı belədir:
— 4 kilometr.
— Nə vaxta çatarıq?
— Allah bilir.
Məktəbin qarşısında isə ayrıca bir həyat başlayır.
Bir maşın dayanır.
“Uşağı düşürürəm, iki dəqiqə.”
Arxadakı 15 maşın da həmin iki dəqiqənin bitməsini kollektiv şəkildə gözləyir.
Bir sürücü siqnal verir.
Digəri əsəbiləşir.
Üçüncüsü telefonla xəritəyə baxır.
Xəritə isə yəqin özü də çaşqındır:
“Mən sənə yolu göstərdim, bundan sonrası artıq mənlik deyil”.
Ən möhtəşəmi budur ki, bütün bunlar gözlənilməz deyil.
Heç nə sürpriz deyil.
Hamı bilir ki, sentyabr gələcək.
Hamı bilir ki, məktəblər açılacaq.
Hamı bilir ki, səhərlər yollar dolacaq.
Bunu hətta hava proqnozundan da dəqiq bilirik.
Amma Bakı yenə də hər il bu xəbəri ilk dəfə eşidirmiş kimi davranır.
Sanki dünən axşam kimsə zəng edib:
“Sabah məktəb var, xəbəriniz olsun”.
Nəticə?
Uşaq məktəbə çatır.
Valideyn işə çatır.
Amma hər ikisi günün ilk dərsini artıq yolda keçib:
“Səbir və dözüm”.
Bakı isə sakitcə dayanıb.
Nə tələsir, nə də narahat olur.
Çünki onun vaxt problemi yoxdur.
Vaxt problemi bizimdir...












