“Yaxşı qanunun bir ucu parlamentdə, digər ucu xalqın içində olmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, deputat Razi Nurallayev bunu Milli Məclisin bugünkü plenar iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, daha əvvəl Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı fermerlər maraqlı çıxışlar edib, səmərəli təkliflər irəli sürüblər. O, Aqrar siyasət komitəsi sədrinin müavini kimi parlamentə dəvət olunduğunu və fermerlərlə görüşmək imkanı qazandığını söyləyib.
Çıxışında ictimai dinləmələrin əhəmiyyətinə toxunan deputat vurğulayıb ki, bu proses yalnız insanları dinləməkdən ibarət deyil. Əsas məqsəd qanunları qəbul edənlərlə həmin qanunlar əsasında yaşayan insanlar arasında əlaqə yaratmaqdır.
Onun sözlərinə görə, fermerlərin problemlərini tarlada, sahibkarların qayğılarını isə onların iş yerlərində daha yaxşı anlamaq mümkündür. Çünki insanlar bu çətinlikləri hər gün yaşayır, problemlər haqqında danışmaq imkanı isə həmişə olmur.
Deputat ictimai dinləmələrdə fermerlərin, sahibkarların və müxtəlif sosial təbəqələrin nümayəndələrinin fikirlərinə daha çox yer ayrılmasını arzuladığını bildirib.
O əlavə edib ki, xalqı dinləmədən onun üçün ən doğru qərarları vermək mümkün deyil və qanunların hazırlanması zamanı cəmiyyətin ehtiyacları nəzərə alınmalıdır.
Deputat “Aqrar sahə haqqında” qanun layihəsini dəstəklədiyini də bildirib.
Zeynəb Rzayeva
















