Beynəlxalq media qurumlarının məlumatına görə, ABŞ və İsrail İrana qarşı yeni və intensiv zərbələr endirmək üçün konkret planlar hazırlayıb. Belə ki, planlaşdırılan qısamüddətli, lakin intensiv hərbi əməliyyatın böyük ehtimalla noyabrın 3-də ABŞ-də keçiriləcək ara seçkilərdən sonra baş tutacağı gözlənilir.
Bildirilir ki, əsas hədəflər arasında İranın nüvə obyektləri (xüsusilə Natanz yaxınlığındakı Kolanq-Qaz-La dağı altındakı yeraltı kompleks), raket və pilotsuz təyyarə (PUA) anbarları, həmçinin enerji infrastrukturu yer alır.
İsrail rəhbərliyinin bu hərbi müdaxilədə əsas siyasi və hərbi hədəfləri nədir? İranın raket, PUA anbarları və enerji infrastrukturları vurularsa, bu, Tehranın Yaxın Şərqdəki hərbi gücünə və müqavimət imkanlarına necə təsir göstərə bilər?
Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Taleh Əliyev bildirib ki, oktyabrın 27-si yaxınlaşdıqca İsraildə keçirilən rəy sorğuları hazırkı Baş nazir Benyamin Netanyahunun seçkiləri uduza biləcəyi ehtimalını günü-gündən artırır:
"Əvvəllər Netanyahu koalisiyasının 53 mandat qazanacağı gözlənilirdisə, son rəy sorğularında bu rəqəm 51-ə düşüb. Biz bu rəy sorğularının fonunda Netanyahunun yenidən İrana bağlı daha sərt açıqlamalar verməsinin şahidi oluruq. İranda rejimin dəyişdirilməsi, İranda vurulacaq hərbi və strateji obyektlərin siyahısının hazırlanması və o cümlədən, İranın rəhbər şəxslərinin hədəf alınacağı ilk beşliyin siyahısı kimi İran tərəfindən də hərbi cavab addımlarını şərtləndirən açıqlamalar verilir".
Politoloq hesab edir ki, bu tendensiya Netanyahunun İranı provokasiyaya çəkmək istədiyini göstərir.
"Bu tendensiya onu deməyə əsas verir ki, Netanyahu iqtidarı əslində hərbi əməliyyatların 27 oktyabra qədər başlanmasını İran tərəfini provokasiyaya çəkməklə təmin etmək istəyir. Belə olacağı təqdirdə 27 oktyabr seçkiləri təxirə salına bilər. Əslində İran tərəfi 27 oktyabrdan sonra, xüsusilə 3 noyabrda ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra Vaşinqtonun yeni hərbi əməliyyatlarının qaçılmaz olduğunu bilir”.
Müsahibimiz qeyd edib ki, İran İsraildəki seçkilərdə Netanyahunun məğlub olmasında maraqlıdır. Bu səbəbdən Tehran oktyabrın 27-dək İsrailin provokasiyalarına uymamağa çalışa bilər. Lakin 27 oktyabr-3 noyabr aralığında İran özü adekvat hərbi addımlar ata bilər ki, bu da həm İsrail daxilindəki balansı dəyişər, həm də ABŞ seçkilərində Donald Tramp və onun komandasının mövqelərinə zərbə vurar.

Taleh Əliyev:Müharibə oktyabrın 27-dən sonraya qalarsa və İran bu müddətdə İsrailə ilk zərbəni vurmazsa...
T.Əliyev hesab edir ki, seçkilərin nəticəsindən asılı olmayaraq müharibə riski son dərəcə yüksəkdir və budəfəki hərbi əməliyyatların miqyası daha ağır olacaq:
"Əgər müharibə oktyabrın 27-dən sonraya qalarsa və İran bu müddətdə İsrailə ilk zərbəni vurmazsa, yeni İsrail parlamenti səlahiyyət müddəti bitməkdə olan hökumətə genişmiqyaslı hərbi əməliyyatlar üçün mandat verməyə bilər. Lakin İran birbaşa hücum edərsə, İsrail hökumət dəyişikliyindən asılı olmayaraq cavab vermək hüququndan istifadə edəcək”.
“Bütün hallarda bu toqquşma İran üçün ağır bədəllərlə nəticələnəcək. Artıq gələcək müharibənin konkret hədəfləri müəyyənləşdirilib. Bura hərbi-strateji infrastrukturlar, nüvə obyektləri və İran elitasının əsas aparıcı simaları daxildir. Netanyahunun da qeyd etdiyi kimi, bu əməliyyatların son məqsədi İranda rejim dəyişikliyini reallaşdırmaqdır", - Taleh Əliyev əlavə edib.
Gülşən Şərif
















