• Bakı 19° C

    2.29 m/s

“Təhlükəsizlik arxitekturası Bakıdan diktə olunur” – Deputat

SİYASƏT

23 Oktyabr 2026 | 11:37 | Müəllif: Günəş Mərd

“Təhlükəsizlik arxitekturası Bakıdan diktə olunur” – Deputat

“Dünya praktikası fonunda tam səmimiyyətlə demək olar ki, artıq Qafqaz və Mərkəzi Asiyada, daha geniş coğrafiyada təhlükəsizlik arxitekturası Bakıdan diktə olunur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan tarixin bütün dövrlərindən daha güclüdür. Onun sözlərinə görə, qlobal güclərin maraqlarının toqquşduğu bir coğrafiyada yerləşməsinə baxmayaraq, Azərbaycanın maliyyə imkanları və demoqrafik göstəriciləri ölkənin qlobal oyunçuya çevrilməsini şərtləndirən əsas amillər deyil.

Bəhruz Məhərrəmov bu reallığın təməlində Prezident İlham Əliyevin siyasi baxışının və qətiyyətinin dayandığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanın coğrafi və maliyyə imkanlarını əsas götürərək ölkəni kiçik və gücsüz görmək istəyənlər üçün güclü mərkəzləşmiş hakimiyyət və suveren dövlət mövqeyi arzuolunan deyil.

Deputatın fikrincə, ölkədə son günlər müşahidə edilən proseslər də bu reallığı dəyişmək istəyən qüvvələrin mövcudluğunu göstərir. Bunu imperializmin və onun tərəfdarlarının Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək cəhdləri ilə əlaqələndirmək lazımdır.

Bəhruz Məhərrəmov dini məsələlərə toxunaraq bildirib ki, Azərbaycanda dövlətin dini münasibətlər sahəsindəki siyasəti yüksək səviyyədədir. Deputat Prezident İlham Əliyevin məscidlərin tikintisi ilə bağlı tapşırıqlarını xatırladaraq bunun ölkədə dini dəyərlərə münasibətin göstəricisi olduğunu deyib.

Azərbaycan-Türkiyə münasibətlərindən danışan Bəhruz Məhərrəmov vurğulayıb ki, iki ölkə arasındakı əlaqələr ayrı-ayrı siyasi cəhdlərlə istiqamətləndiriləcək qədər kövrək deyil. Onun sözlərinə görə, Azərbaycanın öz gücü hesabına qazandığı qələbə və Prezident İlham Əliyevin siyasi fəaliyyəti bu münasibətlərin möhkəmliyini nümayiş etdirir.

Deputat çıxışının sonunda bildirib ki, Azərbaycan mürəkkəb dövrdən keçir və əsas məsələ bu proseslərdən daha da güclənərək çıxmaqdır. O vurğulayıb ki, ölkənin gələcəyi və daxili məsələlərlə bağlı son sözü milli iradə deməlidir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026