• Bakı 20° C

    0.78 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

"Təhsil eksperti"ndən inanılmaz dələduzluq- MƏHKƏMƏ HÖKMÜ

HADİSƏ

30 Sentyabr 2026 | 14:20 | Müəllif: Əli Hüseynov

"Təhsil eksperti"ndən inanılmaz dələduzluq- MƏHKƏMƏ HÖKMÜ

Özünü təhsil eksperti kimi təqdim edərək vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunan 31 yaşlı Ağcabədi rayon sakini Əşrəf Əşrəflinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Musavat.com xəbər verir ki, ittiham aktına əsasən, Əşrəf Əşrəfli vətəndaşların inamını qazanmaq üçün internetdə “set.az”, “ashrafli.az”, “xaricde.com” saytlarını istifadəyə verib. O, sosial şəbəkələrdə özünü xarici universitetlər və təhsil mərkəzləri ilə rəsmi tərəfdaşlığı olan təcrübəli ekspert kimi qələmə verib.
Özünü “Ş.Group”, “AConsalting.az”, “Press.Legal”, “İHA.AZ” və “SET” xaricdə təhsil şirkətlərinin rəhbəri kimi təqdim edən Ə.Əşrəfli müəyyən xidmət haqqı müqabilində vətəndaşlara imtahansız, yalnız attestatla xarici ali məktəblərə qəbul olunacaqları, yataqxana və təhsil xərclərinin qarşılanacağı barədə yalan vədlər verib.

Cinayət işində ən diqqətçəkən məqam Türkiyə vətəndaşı Soner Küçükerin aldadılması epizodu olub. İttihama görə, Əşrəfli Türkiyə vətəndaşını Azərbaycan Tibb Universitetinə (ATU) "cərrah" ixtisası üzrə qəbul etdirəcəyi vədi ilə ondan külli miqdarda pul mənimsəyib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək zərərçəkmişin istəklərini "vicdanla" yerinə yetirdiyini iddia edib:

"Soneri aldatmaq niyyətim olmayıb. Nəyi istəyibsə vicdanla yerinə yetirmişəm. Sonerin yerinə dərslərə girmişəm, ən seçilən tələbə olmuşam. Dərslərdə hamıdan aktiv və savadlı idim. Hətta Sonerin yerinə Hippokrat andı da içmişəm. Mənə 40 min 800 manat ödəmişdi".

Zərərçəkmiş Soner Küçüker ifadəsində bildirib ki, Azərbaycanda bir il həkim köməkçisi işlədikdən sonra Əşrəfli ilə tanış olub. Əşrəfli ona hər il üçün 8 min dollar lazım olduğunu, imtahanın kompüter üzərindən təşkil ediləcəyini deyib:
"Ofisdə qarşıma bir kompüter qoydular. Kompüterdən səs gəlirdi, amma qarşı tərəf görünmürdü. Mənə üç sual verdilər, heç birinə cavab verə bilmədim. Əşrəf 'narahat olma, həll edəcəyəm' dedi. Bir neçə gün sonra işin düzəldiyini deyib ATU-nun hesabına 3 min dollar köçürməyimi istədi. Ödəniş etdim, lakin universitetə gedəndə adımın siyahıda olmadığını, dekanlıqdan isə qəbul olunmadığımı bildirdilər. Əşrəf mənə 3-cü kursdan başlayacağımı demişdi. Dostlarımdan borc alıb ona ümumilikdə 40 min dollar vermişəm, dəymiş zərər ödənilməyib".

Cinayət işinin materiallarında digər zərərçəkənlərin də analoji üsulla aldadıldığı əks olunub. Zərərçəkmiş Səbinə Abdullayevanın övladının İspaniyada təhsil alması adı ilə 5 100 manat pulu mənimsənilib. Əvəz Fərəcovun İstanbulda ispan dili üzrə təhsil almaq üçün valideynləri Əşrəfliyə 3 min dollar veriblər. Ailə Türkiyəyə gedərək universitet yaxınlığında ev belə kiraləyib, lakin ali məktəbə müraciət etdikdə belə bir tələbənin qəbul olunmadığı ortaya çıxıb. Digər zərərçəkmiş övladının Türkiyədəki "Osmanqazi" və ya digər universitetlərdən birinə qəbul olunması üçün 7 min dollarından keçib. Müqavilə bağlansa da, uzun sürən gözləntilərdən sonra təhsil ekspertinin həbs olunduğunu öyrəniblər.

Toplanmış təkzibedilməz sübutlar əsasında Əşrəf Əşrəfliyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə əsasən, Əşrəf Əşrəfli 6 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026