Avropa İttifaqı (Aİ) qarşıdan gələn qışda enerji təchizatı ilə bağlı problemlər gözləmir, lakin qlobal enerji bazarında davam edən qeyri-sabitlik fonunda qiymətlərin dəyişkənliyinə və artmasına hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorqensen Dublində Aİ ölkələrinin energetika nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.
"Avropada enerji təchizatı baxımından bilavasitə risk görmürük. Lakin yüksək qiymətlər istehlakçılar və biznes üçün ciddi problem olaraq qalır", - o bildirib.
Yorqensenin sözlərinə görə, İran ətrafındakı münaqişə idxal edilən qazıntı yanacağından asılılığın nə qədər təhlükəli və baha ola biləcəyinin daha bir bariz nümunəsi olub.
Aİ artıq qaz anbarlarının doldurulmasının hədəf səviyyəsini 90 %-dən 80 %-ə endirərək ölkələrə bu prosesdə daha çox çeviklik verib. Yorqensen bildirib ki, bu, qiymətlərə və qazın vurulması xərclərinə təzyiqi azaltmalıdır, lakin o, ehtiyatların həddindən artıq azalmasına yol verməməyə çağırıb, çünki bu, növbəti qışa hazırlığı çətinləşdirəcək.
Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol qeyd edib ki, Avropa "çox çətin qışa" qədəm qoyur və enerji bazarlarında mümkün fasilələrə hazır olmalıdır. Bununla belə, BEA hələlik strateji neft ehtiyatlarının yeni irimiqyaslı şəkildə bazara çıxarılmasını zəruri hesab etmir. Birol bildirib ki, ölkələr artıq razılaşdırılmış ehtiyatların əhəmiyyətli hissəsini bazara buraxıb, lakin agentliyin mexanizmi çərçivəsində əlçatan olan ehtiyatların təxminən 80 %-i anbarlarda qalır. Onun sözlərinə görə, tədarükdə daha ciddi və uzunmüddətli fasilələr zamanı ehtiyatların gələcəkdə bazara çıxarılması tələb oluna bilər.
Bununla belə, Avropa Komissiyası (AK) bəzi enerji qaydalarını müvəqqəti olaraq yumşaltmağa hazırdır. Yorqensen bildirib ki, metanla bağlı Avropa qanunvericiliyi tələblərinin bir hissəsinin qüvvəyə minməsini bir il təxirə salmağı təklif edir.
AK həmçinin nəqliyyat yanacağının əlçatanlığını artırmaq üçün əlavə tədbirləri öyrənir. Avropa komissarı üzv ölkələrin yanacaq bazarının tənzimlənməsində daha çox çevikliklə bağlı təkliflərini nəzərdən keçirir. Lakin AK enerji şirkətlərinin ifrat gəlirlərinə vahid vergi tətbiq etmək niyyətində deyil. O qeyd edib ki, üzv ölkələr Aİ qanunvericiliyinə uyğun olaraq bu cür tədbirləri müstəqil şəkildə tətbiq edə bilərlər.
Yorqensen hökumətləri istehlakçılara ünvanlı və müvəqqəti dəstək tədbirləri tətbiq etməyə çağırıb. Onun sözlərinə görə, qazıntı yanacaqlarına verilən subsidiyalar qısamüddətli qiymət təzyiqini yumşaltmaq üçün istifadə edilə bilər, lakin Avropanın daha ucuz və idxaldan daha az asılı olan energetikaya uzunmüddətli keçidini sarsıtmamalıdır.
Aİ elektrikləşdirmənin sürətləndirilməsini, bərpa olunan enerjinin inkişafını, elektrik şəbəkələrinin və enerji toplayıcılarının genişləndirilməsini əsas uzunmüddətli istiqamət hesab edir.
"Hərəkət istiqamətimiz müəyyən edilib - bu, təmiz enerji əsasında enerji müstəqilliyidir", - Yorqensen bildirib.
O, bəzi dövlətlərdə elektrik enerjisinə qoyulan vergilərin qazdan daha yüksək olduğunu və bunun elektrik texnologiyalarına keçidi daha az cəlbedici etdiyini qeyd edərək ölkələri elektrik enerjisi üzrə vergi yükünə yenidən baxmağa çağırıb.
Görüşün daha bir mövzusu enerji infrastrukturunun hibrid təhdidlərdən qorunması olub. Yorqensenin sözlərinə görə, Avropa enerji sistemi kiberhücumlar, pilotsuz uçuş aparatlarının hücumları və digər təhdidlər qarşısında həssas olaraq qalır, Aİ isə enerji obyektləri üçün təhlükəsizlik tələblərinin gücləndirilməsi üzərində işləyir.
Aİ Şurasına sədrlik edən İrlandiyanın energetika naziri Darra O'Brayen bildirib ki, ölkələr eyni vaxtda enerjinin qısamüddətli əlçatanlığını təmin etməli və enerji sistemindəki dəyişiklikləri sürətləndirməlidir. Onun sözlərinə görə, 2025-ci ilin birinci yarısında Aİ-də ev təsərrüfatları üçün elektrik enerjisinin qiymətləri enerji böhranından əvvəlki səviyyədən 33 % yüksək olub.
















