İranın Ali Liderinin müşaviri Məhəmməd Mohber İraq hakimiyyətini ABŞ Prezidenti Donald Trampın siyasətinin təsiri altına düşməməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Mohber bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib. O, İraqın sərhəd məsələlərində diqqətli davranmalı olduğunu vurğulayıb.
“İran İraq xalqını ən çətin anlarında var gücü ilə dəstəkləyib və dostluğunu nümayiş etdirib. Bu sarsılmaz bağ Bağdaddan sərhədlərinə diqqətli olmağı tələb edir. Əks halda, İraq İslam düşmənlərinin əlində alətə çevriləcək və Trampın siyasətini qəbul edəcək”, – deyə müşavir qeyd edib.
Qeyd edək ki, noyabrın 26-da İraq Sərhəd Qüvvələrinin komandanı Məhəmməd əs-Səidi İraq Kürdüstanı ilə Suriya sərhədində yerləşən Əl-Vəlid sərhəd keçid məntəqəsinin, eləcə də Sərtak-Bəşta keçid məntəqəsinin bağlanması barədə əmr verib.
Bu tədbirlərin şimal yataqlarından neft qaçaqmalçılığı və qanunsuz sərhəd keçidlərinin qarşısını almaq məqsədilə həyata keçirildiyi bildirilib.















