• Bakı 17° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

SİYASƏT

30 Sentyabr 2026 | 15:23 | Müəllif: Qalib İbrahimoğlu

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

“Dövlət müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirdikləri satınalmalar ayrıca qaydada aparılacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin 30 sentyabr tarixli iclasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

A.Əmiraslanov bildirib ki, dövlətə məxsus hüquqi şəxslər dedikdə müvafiq dövlət qurumunun idarəetməsinə verilmiş dövlət müəssisələri, dövlət təsərrüfat cəmiyyətləri, publik hüquqi şəxslər və onlarla bağlı digər təsisatlar nəzərdə tutulur.

Onun sözlərinə görə, dövlət maliyyə mənbələri hesabına həyata keçirilən satınalmalara qanunvericiliklə müəyyən edilmiş ümumi qaydalar tətbiq olunur. Dövlət maliyyə mənbələrinə dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, büdcə fondları və subsidiyaları, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları və yardımları, eləcə də büdcədənkənar dövlət fondlarının vəsaitləri daxildir.

Komitə sədri qeyd edib ki, layihəyə əsasən, dövlətə məxsus hüquqi şəxslər satınalmaları digər maliyyə vəsaitləri hesabına həyata keçirdikdə, bu satınalmalar ayrıca qaydalar əsasında aparılacaq:

“Bu kateqoriyaya aid dövlət qurumları üzrə satınalmaların aparılmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiq verəcək”, - deyə A.Əmiraslanov bildirib.

O vurğulayıb ki, qanun layihəsi dövlət vəsaiti ilə müəssisənin öz vəsaiti arasında hüquqi fərqləndirməni dəqiqləşdirir.

A.Əmiraslanov bildirib ki, dəyişiklik dövlət müəssisələrinin satınalma rejimindən tam azad edilməsini nəzərdə tutmur:

“Dəyişiklik ümumi azad olmanı nəzərdə tutmur. Qeyri-dövlət maliyyə mənbələri hesabına satınalmalar ümumi rejimin tətbiq dairəsindən çıxarılsa da, proses tam nəzarətsiz qalmır”.

Onun sözlərinə görə, həmin satınalmalar üzrə müqavilələrin bağlanması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməlidir. Yalnız qalib təchizatçının qeyri-rezident olduğu hallar və qanunda ayrıca nəzərdə tutulan bəzi satınalmalar istisna təşkil edir.

Komitə sədri əlavə edib ki, dəyişiklik dövlət vəsaitlərinin istifadəsinə münasibətdə mövcud tələbləri, o cümlədən satınalmalar sistemində məsuliyyət və nəzarət prinsiplərini aradan qaldırmır.

O bildirib ki, eyni zamanda dövlətə bağlı müəssisələrin öz vəsaitləri hesabına həyata keçirdikləri satınalmalarda onların fəaliyyət xüsusiyyətlərinə uyğun daha çevik və operativ mexanizmin tətbiqinə imkan yaranır.

Deputat qanun layihəsinin birinci oxunuşda müzakirə edilərək qəbul edilməsini məqsədəuyğun hesab edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR