Ekran işində orijinal filmin ulduzu Makoley Kalkinin yenidən baş rola qayıtması gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, yeni filmin ssenarisi üzərində Set Rogen və Evan Qoldberq çalışır. Onlar layihənin həm ssenari müəllifi, həm də prodüseri olacaqlar.
Məlumata görə, aktyorun canlandırdığı Kevin Makkalister obrazı bu dəfə böyümüş və ata olmuş şəxs kimi tamaşaçıların qarşısına çıxa bilər. Belə ki, Kevin övladını böyüdən, işinə çox vaxt ayırdığı üçün onunla münasibətlərində problemlər yaşayan ata olacaq. Hadisələrin gedişində Kevin öz evindən kənarda qalacaq, oğlu isə atasının içəri daxil olmasına mane olmaq üçün müxtəlif tələlər quracaq. Beləliklə, orijinal filmdəki hadisələrin əksinə, bu dəfə tələlərə düşən tərəf Kevin olacaq.
Filmin çəkiliş tarixi, rejissoru və digər aktyor heyəti barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Makoley Kalkin 1990-cı ildə ekranlara çıxan "Evdə tək" filmində Kevin Makkalister obrazı ilə məşhurluq qazanıb. Aktyor 1992-ci ildə çəkilən "Evdə tək 2: Nyu-Yorkda itmiş" filmində də eyni rolu canlandırıb. Sonrakı ekran işlərində isə onun obrazı yer almayıb.















