Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, Bəyanatda deyilir:
“Xalqımızın tarixi yaddaşında suverenlik mərkəzi mövqeyi, sarsılmaz milli birliyimizin rəmzi olaraq böyük mənəvi və ictimai-siyasi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın əzəli torpaqlarının işğalına son qoyulmasına və tarixi ədalətin bərpasına, dövlətimizin suveren hüquqlarının onun bütün ərazisində bərqərar edilməsinə gətirib çıxaran üçillik Zəfər yürüşünün başlandığı gündür.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 27 sentyabrın Anım Günü elan edilməsi dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərə dövlətin və xalqın dərin ehtiramının ifadəsidir.
Şəhidlərimizin mərdliyi və cəsarəti vətənpərvərliyin mənəvi zirvəsinə, onların və döyüş yoldaşlarının fədakarlığı sayəsində əldə edilmiş tarixi qələbə isə Azərbaycanın dəyər və gücünün əbədi təsdiqinə çevrilmişdir.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ölkəmizin tarixində dönüş mərhələsi təşkil etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm zəfəri 30 ilə yaxın Ermənistan Respublikasının işğalı altında olan torpaqlarımızın böyük bir hissəsinin azad edilməsinə gətirib çıxarmış və əvvəlki onilliklər ərzində regionda yaranmış hərbi-siyasi reallıqları dəyişmişdir.
Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal edilmiş torpaqların azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin etmişdir.
Bu tarixi qələbə Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə uyğun olaraq dövlətimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, müdafiə potensialının artırılması, müasir peşəkar ordu yaradılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, gənc nəslin vətənpərvərlik və ölkənin tarixi irsinə məsuliyyət ruhunda tərbiyə edilməsi istiqamətində uzun illər aparılan məqsədyönlü işin nəticəsi olmuşdur.
44 günlük Vətən müharibəsində qələbənin ən mühüm amili Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi olmuşdur.
Döyüş əməliyyatlarının getdiyi şəraitdə dövlət idarəçiliyinin, ordunun və cəmiyyətin birliyi, operativ qərarlar qəbul etmək və ölkənin ehtiyaclarının qarşılanması məqsədinin əldə edilməsinə yönəltmək qabiliyyəti mühüm rol oynamışdır. Onun nümayiş etdirdiyi rəhbərlik məharəti, sarsılmaz siyasi iradə və strateji uzaqgörənlik müəyyən olunmuş hədəflərin əldə edilməsinə müsbət töhfə vermişdir.
Hərbi qələbə Vətən qarşısında hərbi borcunu şərəflə yerinə yetirən Azərbaycan əsgərlərinin və zabitlərinin mərdliyi və qəhrəmanlığı sayəsində əldə edilmişdir. Azad olunmuş hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətlərinə şahid olmuşdur. Bir çox fərdi döyüşçülər Vətən müharibəsi qəhrəmanı adına və müxtəlif yüksək dövlət mükafatlarına layiq görülmüşdür.
Doğma torpaqların düşmən tapdağından azad edilməsi üçün canından və qanından keçmiş Azərbaycan oğullarının mərdliyi və qəhrəmanlığı xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biridir.
Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlara ballistik raketlər, qadağan olunmuş mərmilər və kasset tipli mərmilərlə edilən hücumlar hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdir.
Bu qanlı cinayətlər nəticəsində yüzdən çox dinc sakin, o cümlədən 11 uşaq həlak edilmiş, 450-dən çox insan yaralanmışdır.
Düşmənin vəhşili əməllərinə baxmayaraq Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir.
Torpaqlarımız döyüş meydanlarında qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.
2020-ci ilin payızında başlamış hərbi-siyasi proseslər üç il sonra davam etdirilmişdir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni rejimin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir.
Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi zəfərin məntiqi davamı və yekunu olmuşdur.
Azərbaycan xalqının ictimai şüurunda 27 sentyabr Anım Günü şəhidlərin xatirəsi, Zəfər Günü və dövlət suverenliyi günü mahiyyətcə bütövlük təşkil edir.
Anım Günü azadlığın hansı qurbanlar hesabına başa gəldiyini xatırladır, Zəfər Günü ədalətin təntənəsini təcəssüm etdirir, dövlət suverenliyi günü isə Azərbaycan dövlətinin hüquqlarının onun bütün ərazisində bərqərar olduğunu ifadə edir.
Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, tibbi reabilitasiyası, mənzil təminatı, məşğulluğu məsələlərini daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu istiqamətdə məqsədyönlü və davamlı tədbirlər həyata keçirir.
Ölkədə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ardıcıl işlər aparılır, memorial komplekslər, abidələr və muzeylər yaradılır, küçələrə, məktəblərə və digər ictimai obyektlərə qəhrəmanların adı verilir.
Azərbaycan Respublikası Milli Məclisi Vətən naminə canını qurban etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını ölümcül təhlükələrə ataraq böyük qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizə minnətdarlığını ifadə edir.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpaqlara məhəbbətin və fədakarlığın ən yüksək təzahürü kimi qəlbimizdə əbədi yaşayacaqdır. Onların günləri heç zaman unudulmayacaq, adları isə dövlətçilik tariximizdə əbədi qalacaqdır.
Azad, güclü, vahid və suveren Azərbaycan şəhidlərimizə ən böyük abidədir”.
***
11:14
Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir.
Bakıvaxtı.az xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq.
Bəyanatın mətnini deputat Ramid Namazov oxuyur.
Zeynəb Rzayeva















