Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı fərziyyələri təkzib edib.
Bakıvaxtı.az IRIB-yə istinadən xəbər verir ki, Ş. Mustafayev bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşdə bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin 40 günlük müharibədə (ABŞ-İran münaqişəsi - red.) döyüşlərin başa çatdırılması və sülhün bərqərar edilməsi ilə bağlı mövqelərini iki ölkə arasındakı isti münasibətlərin göstəricisi hesab edirik", - Ş. Mustafayev bildirib.
Qeyd olunub ki, İran Azərbaycan üçün dost ölkədir.
***
20:19
Azərbaycan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib.
Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazirinin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını çatdırıb. M. Pezeşkian təşəkkürünü bildirib və öz növbəsində xoş arzularını ifadə edib.
Görüş zamanı xalqlarımız arasındakı ortaq tarixi və mədəni bağların ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub, Azərbaycan və İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud vəziyyəti yüksək qiymətləndirilib. İki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edib.
Regionda həyata keçirilən birgə layihələrin uğurla davam etdirilməsinin hər iki ölkənin və ümumilikdə bölgənin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
***
20:11
İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.
Bakıvaxtı.az IRIB-yə istinadən xəbər verir ki, görüşdə İran-Azərbaycan əlaqələrinin inkişafı müzakirə olunub.
"Quru, hava və dəmir yolu marşrutlarının inkişafı Tehran və Bakı əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradır", - məlumatda bildirilib.
Görüşdə nəqliyyat, dəhliz marşrutlarının gücləndirilməsi və mövcud imkanlardan istifadə edilməsi vurğulanıb.
Xatırladaq ki, dünən Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.
















