“Qlobal ərzaq qiymətlərinin avqust ayında 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatması Azərbaycan üçün də ciddi riskdir”.
Bu barədə Bakıvaxtı.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O qeyd edib ki, FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) məlumatına görə, indeks bir ayda 1,9 faiz, illik ifadədə isə 2,5 faiz artaraq 133,3 bəndə yüksəlib:
“Xüsusilə taxıl, şəkər, bitki yağları, ət və süd məhsullarında bahalaşma müşahidə olunur. Bu artımın əsas səbəbləri hava şəraitinin pisləşməsi, quraqlıq və istilər, Ukrayna və Yaxın Şərqdəki münaqişələr, eləcə də Qara dəniz üzərindən ərzaq daşımalarında yaranan problemlərdir. Azərbaycan üçün ən böyük risk taxıl və digər idxaldan asılı məhsullar üzrə yaranır. Məsələn, avqustda dünya buğda qiymətləri aylıq 2,6 faiz, illik isə 15 faiz artıb. Azərbaycan taxıl və bir sıra ərzaq məhsulları üzrə idxaldan istifadə etdiyi üçün dünya qiymətlərində uzunmüddətli yüksəliş daxili bazara da müəyyən gecikmə ilə təsir göstərə bilər”.

Akif Nəsirli: Əsas təhlükə qlobal qiymət artımının bir neçə ay davam etməsidir
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu, ilk növbədə un, çörək, makaron, yem məhsulları, bitki yağları və şəkər kimi məhsulların maya dəyərini artıra bilər:
“Daha sonra daşınma, yem və istehsal xərclərinin yüksəlməsi ət, süd və digər yerli məhsulların qiymətlərinə də təsir göstərə bilər. Xüsusilə quşçuluq və heyvandarlıqda yem xərclərinin artması qiymətlərə təzyiq yarada bilər. Amma bu, Azərbaycanda bütün ərzaq məhsullarının avtomatik olaraq eyni səviyyədə bahalaşacağı demək deyil. Ölkənin daxili istehsalı, strateji ehtiyatları, idxal mənbələrinin şaxələndirilməsi və dövlətin bazara müdaxilə imkanları qiymət artımını müəyyən qədər yumşalda bilər. Üstəlik, qlobal taxıl bazarında ümumi təklif hələ kifayət qədər böyükdür və bu da qiymətlərin daha kəskin sıçramasının qarşısını alan amillərdəndir”.

Ekspertin qənaətincə, əsas təhlükə qlobal qiymət artımının bir neçə ay davam etməsidir:
“Əgər Qara dənizdə logistika problemləri, müharibələr və əlverişsiz hava şəraiti davam edərsə, Azərbaycanda ərzaq inflyasiyasına əlavə təzyiq yarana bilər. Buna görə indidən taxıl, yem, şəkər və bitki yağları üzrə ehtiyatların və idxal kanallarının şaxələndirilməsi, eyni zamanda yerli kənd təsərrüfatı istehsalının artırılması daha vacib olur”.
Qeyd edək ki, ötən ay qlobal ərzaq qiymətləri 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə yüksəlib. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Bildirilir ki, FAO-nun ərzaq qiymətləri indeksi avqustda orta hesabla 133,3 bənd təşkil edib. Bu, 2022-ci ilin noyabrından bəri ən yüksək nəticədir. Qiymət artımına əsasən, əlverişsiz hava şəraiti, Avropada yüksək hava temperaturu və quraqlıq, eləcə də Yaxın Şərq və Qara dəniz regionunda müharibələrlə bağlı ticarət və təchizat problemləri səbəb olub. FAO-nun məlumatına görə, avqust ayında taxıl, bitki yağları, şəkər, ət və süd məhsullarının qiymət indekslərinin hamısında artım qeydə alınıb. Taxılın qiyməti son üç ilin, şəkərin qiyməti isə son bir ilin ən yüksək səviyyəsinə çatıb. FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, qlobal ərzaq qiymətlərinin yüksəlməsi ərzaq bazarlarında risklərin yenidən artdığını göstərir. Bununla belə, avqust göstəricisi 2022-ci ilin martında, Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı mərhələsinin başlamasından sonra qeydə alınmış rekord səviyyədən təxminən 17 faiz aşağıdır.
Aydın Baxış
















