• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Prezidentin TDT mesajları: Türk dünyasını hansı gələcək gözləyir?

SİYASƏT

21 Sentyabr 2026 | 11:14 | Müəllif: Qalib İbrahimoğlu

Prezidentin TDT mesajları: Türk dünyasını hansı gələcək gözləyir?

Xəbər verdiyimiz kimi, Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərlərinin iştirakı ilə növbəti görüşü keçirilib. Bu görüş Azərbaycanın quruma sədirlik etdiyi dövrə təsadüf edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Məlahət İbrahimqızı bildirib ki, yaxın və uzaq coğragiyamızda baş verən çox ağır, sonu görünməyən müharibə və silahlı münaqişələr fonunda TDT-nin təhlükəsizlik əməkdaşlığının Bakıda ayrıca  və daha sistemli görüşü böyük əhəmiyyətə  malikdir. Onun sözlərinə görə, bu müharibələrin TDT-yə üzv ölkələrin yaxın sərhədlərində baş verdiyini də nəzərə alsaq həm bu görüşün və görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən görüşün nə qədər böyük önəm daşıdığı aydın olur:

“Görüş zamanı dövlətimizin başçısı hər zaman olduğu kimi çox ciddi məsələlərə toxunaraq, dünyanın bügünkü çağırışlarına uyğun olaraq türk dünyasının gələcəkdə daha sürətli inkişafı naminə və təhlükəsizliyinin qorunmasında böyük əhəmiyyətə malik mesajlar səsləndirdi. Prezidentin bu görüşdəki çıxışı yalnız təhlükəsizlik məsələlərinin sadalanması ilə məhdudlaşmadı; çıxışda türk dövlətləri arasında siyasi, hərbi, iqtisadi və strateji əlaqələrin vahid təhlükəsizlik yanaşması ilə tamamlanmasının vacibliyi də ön planda idi”.

Deputat qeyd edib ki, bü gün coğrafiyamızda qlobal miqyasda baş verən sürətli geosiyasi transformasiyalar, geniş miqyaslı müharibələr, beynəlxalq hüququn norma və prinsiplərinin sınağa çəkildiyi ziddiyyətli proseslər regional sabitliyin və təhlükəsizliyin təmin olunmasını hər zamankindən daha aktual edir. Dediyinə görə, bu baxımdan, Azərbaycan prezidentinin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər təkcə türk dövlətləri arasındakı ikitərəfli və çoxtərəfli münasibətlərin deyil, həm də bütövlükdə Avrasiya məkanının gələcək memarlığının müəyyənləşdirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır:

“Məhz Bakı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı çərçivəsində baş tutan bu görüş bir daha göstərdi ki, türk dünyası ortaq dəyərlər, iqtisadi potensial və təhlükəsizlik maraqları ətrafında sıx birləşərək qlobal güc mərkəzlərindən birinə çevrilməkdədir”.

Müsahibimiz bildirib ki, görüş zamanı möhtərəm İlham Əliyev çıxışında qlobal miqyasda baş verən köklü dəyişikliklərə toxunaraq, ötən əsrin geosiyasi balansının artıq başa çatdığını vurğulayıb. Dünya yeni nizama doğru gedərkən, Türk Dövlətləri Təşkilatının coğrafi miqyası, iqtisadi gücü və geosiyasi mövqeyi həlledici amilə çevrilir:

“Çıxışının hər bir cümləsi ilə TDT-yə üzv ölkələrin təhlükəsizlik qurumlarının gələcəkdə birgə fəaliyyətinə yeni istiqamətlər verən dövlətimizin başçısı “biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir” fikirləri ilə türk dünyasının yeni yaranmış reallıqlar fonunda rolunu qeyd etdi. Türk dünyasınım  coğrafi üstünlüyünü xüsusi qeyd edərək, təşkilata üzv hər bir ölkənin həm də  böyük məsuliyyət daşıdığını vurğuladı. Həqiqətən də statistik göstəricilər də türk dövlətlərinin iqtisadi və demoqrafik baxımdan nəhəng bir potensiala malik olduğunu təsdiqləyir”.

M.İbrahimqızının dediyinə görə, üzv ölkələrin rəsmi statistikaları əsasında hazırlanmış məlumata görə ümumi daxili məhsulu 2,4 trilyon ABŞ dolları təşkil edir ki, bu da qlobal miqyasda təqribən on ikinci yer deməkdir. Ölkələrarası ticarət dövriyyəsi ildən-ilə artaraq 1,7 trilyon dollara çatıb. Əhalinin dinamik artımı və gənc nəslin intellektual potensialı təşkilatın gələcək inkişafının əsas təminatçısıdır.

Məlahət İbrahimqızı: Bakı toplantısı TDT-nin ortaq təhlükəsizlik arxitekturasının qurulmasına mühüm töhfə verdi

Həmsöhbətimiz vurğulayıb ki, təhlükəsizlik məsələlərinin gün keçdikcə daha mürəkkəb xarakter aldığı bir dövrdə, TDT çərçivəsində institusional əməkdaşlığın dərinləşməsi xüsusi diqqət çəkir:

“Dövlət başçısı qısa müddət ərzində daxili işlər nazirlikləri, baş prokurorluqlar, müdafiə sənayesi rəhbərləri və dini liderlər səviyyəsində keçirilən görüşlərin intensiv xarakter aldığını qeyd etmişdir. Bugünkü reallıqda xarici siyasətdən tutmuş mədəniyyətə və təhlükəsizliyə qədər 63 fərqli mexanizm və platformanın mövcud olması türk dünyasının inteqrasiya prosesinin nə qədər sistemli və dərin köklərə sahib olduğunu sübut edir. Hesab edirəm ki, dövlətimizin başçısının “Bizdə təhlükəsizlik məsələləri həqiqətən çox aktualdır… Əminəm ki, təşkilatın iştirakçısı olan ölkələrin Təhlükəsizlik şuralarının aparatları arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək, birgə praktiki tədbirlər isə qarşılıqlı etimadın və sabitliyin daha möhkəm təməlini təşkil edəcək” fikirləri özlüyündə kifayət qədər cuddi mesajları özündə əks etdirir”.

Həmsöhbətimizə görə, prezident İlham Əliyevin TDT-nin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü bir daha nümayiş etdirdi ki, Türk Dövlətləri Təşkilatı heç bir bölgə və ya dövlət üçün təhdid mənbəyi deyil; əksinə, regional sabitliyin, sülhün və tərəqqinin əsas qarantlarından biridir. Dünyada qüvvələr balansının dəyişdiyi və beynəlxalq hüquq prinsiplərinin sınağa çəkildiyi bir vaxtda türk dövlətlərinin birgə hərəkət etməsi, təhlükəsizlik çağırışlarına qarşı vahid mövqe sərgiləməsi tarixi zərurətdir. Bakı toplantısı bu birliyin daha da güclənməsinə, qarşılıqlı etimad mühitinin dərinləşməsinə və gələcək növündə ortaq təhlükəsizlik arxitekturasının qurulmasına mühüm töhfə verdi.

“Son olaraq, qeyd etmək istərdim ki, ümumiyyətlə Azərbaycanın TDT-yə sədirlik etdiyi bütün dövrləri bu təşkilatın tarixində ən önəmli mərhələlərdən biri kimi qəbul etmək olar”, - Məlahət İbrahimqızı əlavə edib.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026