Dünyada neft yanacağının qiyməti bahalaşmağa doğru gedir. Benzinlə bərabər, dizel yanacaq növünün də qiymətində artımlar davam edir.
Hərbi əməliyyatlar və enerji axınının pozulması qlobal neft və yanacaq böhranını alovlandıran əsas amildir. Fransada dizel yanacağının qiyməti litri üçün orta hesabla 2,41 avroya çatıb. Bu da bir gün əvvəl müəyyən edilmiş əvvəlki rekordun təzələnməsidir.
Bəzi məntəqələrdə qiymət 2,90 avroya çatıb və litri üçün simvolik 3 avro həddinə yaxınlaşıb. Benzinə gəldikdə isə, qurğuşunsuz 95 benzininin orta qiyməti litrinə 2,25 avro, “SP95-E10” benzininin isə litrinə 2,17 avro təşkil edib ki, bu da 2022-ci ilin pik həddini on gündən çoxdur ki, aşır. 6800-dən çox yanacaqdoldurma məntəqəsində qeydə alınan orta göstəriciyə görə, bazar günü “SP98” benzininin orta qiyməti 2,28 avronu keçib. ABŞ-də dizel yanacağının orta qiyməti qallon üçün 6,29-6,49 dollar səviyyəsinə yüksələrək bütün dövrlərin rekordunu qırıb. Bu da ötən illə müqayisədə təxminən 60-70 faiz bahalaşma deməkdir. Rusiyada əsas emal zavodlarının zədələnməsi və ixrac qadağaları dünya bazarında dizel təchizatını məhdudlaşdırıb. Qlobal miqyasda gündəlik milyonlarla barrel yanacaq itkisi yaşanıb, emal marjaları isə zirvəyə yüksəlib.

İlham Şaban: İndiki qiymət artımı, təkcə Hörmüz boğazındakı problemlərlə bitmir
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, burada problem yalnız yanacağın bahalaşması ilə məhdudlaşmır.
Ekspertin sözlərinə görə, indiki qiymət artımı, təkcə Hörmüz boğazındakı problemlərlə bitmir:
“Qısa zaman kəsiyində Səudiyyə Ərəbistanın Şərq-Qərb boru kəmərinin Yəməndən edilən hücuma məruz qalması, Səudiyyənin gündəlik 5 milyon barrel nefti bazara çıxarmasının qarşısının alınması, həmçinin, husilərin Qırmızı dənizə keçiddə gəmilərə, o cümlədən tankerlərə böyük problemlər yaratması, neft qiymətlərinin artımını qaçılmaz edən amillərdəndir".
Müsahibimiz bildirib ki, yanacaq növlərinin bahalaşması dünya iqtisadiyyatı üçün bir sıra fəsadlara yol açır:
"Belə ki, inflyasiya təzyiqi yaranır. Dizel nəqliyyat zəncirinin əsas komponentidir. Ona görə qiymət artımı taxıl və ərzaqdan tutmuş, istehlak mallarınadək hər sahədə özünü göstərir".
"Aviasiya sektorunda qiymət artımı şirkətlərin xərclərini kəskin artırır, biletlərin qiymətinə təsir edir. Bu da özünü həm sərnişin, həm də yükdaşımalarının azalmasında biruzə verir”, - deyə İlham Şaban əlavə edib.

Eldəniz Əmirov: Neftin 130-150 dollara qədər yüksəlməsi mümkündür
İqtisadçı Eldəniz Əmirov da Bakıvaxtı.az-a deyib ki, noyabrın əvvəllərində ABŞ-də keçiriləcək aralıq seçkilərdən sonra yanacaq qiymətlərinin daha kəskin artması, hətta neftin 130-150 dollara qədər yüksəlməsi mümkündür:
“Çünki hazırki vəziyyətdə bir qədər idarə olunan xaos formatı müşahidə olunur. Ancaq noyabrın ortalarından başlayaraq hərbi münaqişələrin daha da kəskinləşəcəyi, eyni zamanda Körfəzdə daha ciddi konfliktlərin yaşanması ehtimal olunur. Qarşıdakı dönəmdə Rusiyanın özünün benzin idxal etməsi ilə bağlı istəkləri güclənəcək".
Onun sözlərinə görə, dünyanın aparıcı ölkələrini, ələlxüsus Şərqi Avropanı yanacaqla təchiz edən bir ölkə üçün belə bir durumun yaranması ciddi problemdir:
"Bu böhran hazırda Yunanıstanda özünün pik həddinə çatıb. Digər ölkələrdə də bu problem yaranacaq”.
Aydın Baxış
















