• Bakı 19° C

    2.65 m/s

Dollar bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA

İQTİSADİYYAT

20 Oktyabr 2026 | 16:15 | Müəllif: Gülşən Şərif

Dollar bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA

İqtisadiyyat Nazirliyinin 2027–2030-cu illər üzrə makroiqtisadi proqnozlarında manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməz — 1 dollar üçün 1,70 manat səviyyəsində nəzərdə tutulub.

Bu isə o deməkdir ki, yaxın illərdə Azərbaycanda dollar-manat məzənnəsi sabit qalacaq və dəyişiklik gözlənilmir. Lakin qlobal maliyyə bazarlarındakı proseslər xarici valyutaların daxili bazardakı qiymətinə təsirsiz ötüşmür. 

Maraqlıdır, qlobal iqtisadiyyatdakı geosiyasi risklər və valyuta müharibələri fonunda yaxın gələcəkdə dolların məzənnəsində dəyişiklik baş verə bilərmi? 

Hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, makroiqtisadi proqnozlarda məzənnənin sabit götürülməsi, onun bütün mümkün şəraitlərdə dəyişməz qalacağına şərtsiz zəmanət deyil:

"Rəsmi proqnozlarda manatın 2030-cu ilədək "1 ABŞ dolları = 1,7000 manat" səviyyəsində saxlanılmasının nəzərdə tutulduğu göstərilir. İqtisadiyyat Nazirliyinin 2027-2030-cu illər üzrə makroiqtisadi proqnozlarında da bu səviyyə əsas götürülür. Mərkəzi Bankın açıqlamasına əsaslansaq, bank avqust ayında bazardan 1,5 milyard dollar alıb, ilin əvvəlindən ehtiyatları isə 3,8 milyard dollar artaraq 15,3 milyard dollara çatıb. Bu məlumatlar manatın sabitliyini dəstəkləyən amillərdir. Azərbaycan üçün ən mühüm faktor enerji ixracından əldə olunan gəlirlərdir. Neftin qiymətinin yüksəlməsi, digər şərtlər sabit qalmaqla, ölkəyə daha çox valyuta daxil olmasına və manatın sabitliyinin dəstəklənməsinə kömək edir. Kəskin və uzunmüddətli ucuzlaşma isə valyuta təklifini və büdcə gəlirlərini zəiflədir". 

Hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova

İqtisadçı qeyd edib ki, neft qiymətlərinin uzun müddət aşağı düşməsi, ixrac gəlirlərinin azalması və idxal üçün dollar tələbinin yüksəlməsi valyuta bazarında tarazlığı çətinləşdirən amillərdir. Bu halda Mərkəzi Bankın müdaxiləsinə ehtiyac arta bilər. 

"Vacib məqam budur ki, manatın məzənnəsinin dəyişməsi avtomatik bazar reaksiyası deyil, əsas olaraq ölkənin pul-kredit və valyuta siyasəti ilə bağlı qərardır. Yəni, sabitliyin davamlılığı, əsasən, enerji gəlirlərindən, valyuta ehtiyatlarından, tədiyyə balansından və dövlətin məzənnə siyasətindən asılıdır", - deyə müsahibimiz əlavə edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR