Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəis müavini, polkovnik Oktay Babayevin cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, məhkəmə prosesində dövlət ittihamçısı Oktay Babayevə 3 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
İş üzrə zərərçəkmiş kimi tanınan mayor Ruhin Tağıyev isə məhkəmədə mühüm açıqlama ilə çıxış edib. O bildirib ki, dəymiş ziyan tam şəkildə ödənilərsə, Oktay Babayevlə barışmağa hazırdır.
Məhkəmə araşdırması zamanı məlum olub ki, işin mərkəzində 30 min manatlıq pul məsələsi dayanır.
Polkovnik kimdir?
Oktay Babayev uzun illər Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. O, xüsusilə Naxçıvan Muxtar Respublikası Hərbi Polis İdarəsinin rəisi vəzifəsində uzun müddət çalışması ilə tanınır.
2026-cı ilin mayında isə Babayev Müdafiə Nazirliyinin Baş Tibb İdarəsi rəisinin müavini vəzifəsindən azad edilərək yaş həddinə çatması ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılıb.
Lakin vəzifədən ayrılmasından qısa müddət sonra onun barəsində cinayət işi başlanıb.
30 min manatlıq iddia
İttihama görə, Oktay Babayev həmin vaxt Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Tibbi Sənədlər Arxivinin sabiq rəisi olan mayor Ruhin Tağıyevdən 30 min manat alıb.
İddia olunur ki, pul Tağıyevin sərəncama göndərilməsinin qarşısının alınmasına və onun xidmətdə qalmasına köməklik göstərilməsi vədi ilə verilib. Lakin sonradan Ruhin Tağıyev özü korrupsiya ittihamı ilə həbs olunub.
İstintaq nəticəsində Babayevə Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi – qulluq mövqeyindən istifadə etməklə dələduzluq ittihamı irəli sürülüb.
Maraqlı məqam isə odur ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Ruhin Tağıyev özü də hazırda başqa cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində mühakimə olunur.
Babayev ittihamı qəbul etmir
Əvvəlki məhkəmə prosesində Oktay Babayev ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.
Məhkəmədə Ruhin Tağıyev isə 30 min manatı Zaur adlı şəxsin iştirakı ilə Babayevə verdiyini, həmin vəsaiti borc götürərək ödədiyini söyləyib.
İş üzrə digər şahidlərin ifadələri də məhkəmədə araşdırılıb. Polkovnik-leytenant Kamil Cəlilovun ifadələri ilə bağlı isə məhkəmə tərəfindən ayrıca hüquqi qiymət verilib və onun yalan ifadə verməsi məsələsinin araşdırılması üçün xüsusi qərardad çıxarılıb.
Beləliklə, bir tərəfdə hərbi sistemdə uzun illər xidmət etmiş və yüksək vəzifələrdə çalışmış polkovnik, digər tərəfdə isə özü də cinayət işi üzrə mühakimə olunan hərbçi dayanır.
Hazırkı prosesdə isə əsas sual 30 min manatlıq ziyanın ödənilib-ödənilməyəcəyi və bunun tərəflər arasında mümkün barışığa necə təsir göstərəcəyi ilə bağlıdır.
Məhkəmənin yekun hökmü hələ elan edilməyib.
Elcan Musalı
















