İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. Meloni açıqlamasında "İnsan məktəbə üzü açıq gedir və İtaliyada heç kim əsl və ya sözdə ənənəyə istinad edərək gənc qadının üzünü gizlətməsinə qərar verə bilməz. Kişi və qadınlar arasında bərabərlik danışıqlar yolu ilə həll olunmur. Bu, küçələrimizə və məktəblərimizə aiddir" sözlərini qeyd edib.
Bildirək ki, dünyanın bir çox ölkəsində niqab qadağan olunub. Məsələn, Fransa, Belçika, Avstriya, Danimarka, Niderland, İsveçrə, Bolqarıstan, Latviya, Tacikistan, Şri-Lanka və Afrikanın bir sıra ölkələrində ictimai yerlərdə, dövlət müəssisələrində və ya məktəblərdə niqab qadağan edilib.
Niqab qadağaları qarşıdakı dövrdə hansısa gərginliyə səbəb ola bilərmi? Bu qadağa insanların seçimlərinə müdaxilə etmək hesab oluna bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Çingiz Şahbazi bildirib ki, İtaliya Baş naziri Corcia Meloninin açıqladığı layihə hicabla bağlı deyil, üzü örtən geyimlərdən, yəni niqab, burqa kimi geyim növlərinə aiddir:
"Dövlətin məktəbdə üzün tanınmasını tələb etməsi, şagirdin və yaxud da tələbənin şəxsiyyətini müəyyən etmək baxımından doğru hesab edilə bilər. Lakin insanların dini geyim seçiminə, yəni hicab taxmasına müdaxilə etmək insan haqlarının pozulmasını göstərir və bu gələcəkdə gərginlik yarada bilən amillərdəndir. Bu baxımdan üzü bağlayan niqabla üzü açıq, amma başa örtülən hicabı bir-birindən ayırmaq vacibdir”.
Müsahibimiz qeyd edib ki, Meloninin açıqlamasında qeyd edildiyi kimi, layihənin Nazirlər Şurasına yaxın günlərdə təqdim olunacağı və bundan sonra Nazirlər Şurasının qəbul edəcəyi qərardan çox şey asılıdır. Xüsusilə də məsələ yalnız məktəblərdə məhdudlaşmayıb, dini və mədəni kimliyə qarşı ümumi münasibətin bir hissəsi kimi qəbul edilərsə, onda gərginliyin artması ehtimalı da artır.
Politoloq hesab edir ki, İtaliyada məsələ onsuz da miqrasiya və inteqrasiya mübahisələri ilə birlikdə müzakirə edilir. Meloninin elan etdiyi paketdə üz örtüyü ilə birlikdə siniflərdə xarici şagirdlərin sayına limit məsələsi və inteqrasiya problemi yaşayan xarici şagirdlərin valideynlərinə məcburi italyan dili tələbi də nəzərdə tutulur. Buna görə də mübahisə bir tək geyimlə bitmir.

Çingiz Şahbazi: Meloninin açıqlaması qadınların dini və ifadə azadlığına müdaxilə riskini artırır
Onun sözlərinə görə, bu məsələ hökumətin daha böyük inteqrasiya kursu ilə bağlı siyasətinin bir hissəsidir. Bunu da insanların seçiminə müdaxilə olaraq hesab etmək olar:
“Əlbəttə ki, burada vətəndaşın və yaxud da miqrantın hüquqları nəzərə alındığı kimi, dövlətin də hüquqi baxımdan tələblərini nəzərə almaq lazımdır. Belə bir vəziyyətdə hüquqların üz-üzə gəlməsi və toqquşması ciddi gərginlik yaradan amillərdəndir. Bu baxımdan məsələ sadə deyil.
Məsələn, illər öncə Fransada BMT-nin İnsan Hüquqları Komitəsi ümumi niqab qadağasını araşdırarkən belə nəticəyə gəlib ki, dövlətin təhlükəsizlik və ictimai qayda arqumentləri üzün tam örtülməsinə ümumi və mütləq qadağanı əsaslandırmaq üçün kifayət qədər səbəb göstərilməyib və həmin qadağanın dini etiqad azadlığına və ayrı-seçkilik məsələlərinə təsiri var. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin Fransa işi üzrə yanaşması fərqli olub. Məhkəmə Fransanın ictimai məkanda üzün örtülməsinə qoyduğu qadağanı müəyyən şərtlər altında Konvensiyaya zidd hesab etməyib. Bu baxımdan da Avropada bu məsələyə dair vahid hüquqi yanaşma yoxdur".
Şahbazi onu da vurğulayıb ki, Meloninin açıqlaması fonunda hökümətin arqumentləri qadın-kişi bərabərliyi, məktəblərdə sosial inteqrasiya və digər məsələlərə dair sərt qadağalar, İtaliyanın ümumi qaydalarına uyğunluq təşkil etməyə hesablanıb:
"Hesab edirəm ki, dini inanclara müdaxilə edərək təsir etmək yolu qadınların dini və ifadə azadlığına müdaxilə riskini artırır və dövlət qadını məcbur edən ailə, icma təzyiqinə qarşı çıxmalıdır. Ancaq qadının öz seçiminə qarşı qadağa qoymaq onun hüquq və azadlığına müdaxilə kimi qiymətləndiriləcək".
Gülşən Şərif
















