• Bakı 16° C

    0.9 m/s

Bakıda problem göydələnlər deyil...- EKSPERTLƏR DANIŞIR

CƏMİYYƏT

27 Oktyabr 2026 | 11:09 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda problem göydələnlər deyil...- EKSPERTLƏR DANIŞIR

Son illərdə Bakıda və ölkənin digər iri şəhərlərində hündürmərtəbəli binaların, müasir yaşayış komplekslərinin tikintisi sürətlə genişlənir. Göydələnlərin artımı müasir infrastruktur kimi xoş təəssürat yaratsa da, digər tərəfdən ciddi bir sualı gündəmə gətirir.

Bu binaların artımı şəhərsalma prinsiplərinə necə təsir edir?

Muxtar Ərturan: Memarlıq yalnız bahalı fasad, şüşə örtük və ya qeyri-adi forma deyil

Memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Bakıda problem binaların hündürlüyü deyil, həmin hündürlüyün şəhərə gətirdiyi yükün düzgün hesablanmamasıdır. Onun sözlərinə görə, hündürmərtəbəli binaların tikilməsi müasir urbanizasiyanın təbii inkişaf istiqamətlərindən biridir. Lakin hündür bina tikmək hələ müasir şəhərsalma demək deyil:

"Dünya praktikasında göydələnlər əsasən iri biznes mərkəzlərində, güclü ictimai nəqliyyat bağlantısı olan ərazilərdə və əvvəlcədən planlaşdırılmış yüksək sıxlıqlı şəhər zonalarında yerləşdirilir. Burada əsas prinsip binanın hündürlüyü ilə ərazinin infrastruktur imkanları arasında balansın qorunmasıdır. Bakıda isə bəzi ərazilərdə tikinti sıxlığının artması mövcud yol, kanalizasiya, su, elektrik və sosial infrastruktura əlavə yük yaradır. Xüsusilə köhnə beşmərtəbəli binaların yerində 16-20 mərtəbəli yaşayış kompleksinin tikilməsi həmin ərazilərdə əhali və avtomobil sayının əhəmiyyətli dərəcədə artması deməkdir".

Memar hesab edir ki, yeni binanın mərtəbə sayı investorun kommersiya marağı ilə deyil, ərazinin şəhərsalma və mühəndislik imkanları ilə müəyyən edilməlidir.

Dediyinə görə, digər mühüm məsələ hündür binaların yaratdığı kölgələnmə, külək axınlarının dəyişməsi, qonşu tikililərin gün işığının məhdudlaşması və yanğın təhlükəsizliyidir. Bakı kimi küləkli və seysmik xüsusiyyətlərə malik şəhərdə bu amillər xüsusi mühəndis hesablamaları tələb edir.

"Azərbaycan memarlığında müasir və uğurlu layihələr mövcuddur. Bakının beynəlxalq səviyyədə tanınan memarlıq nümunələri də var. Lakin ayrı-ayrı gözəl binaların mövcudluğu bütövlükdə şəhər mühitinin düzgün formalaşdığı anlamına gəlmir. Bakının bəzi ərazilərində əsas çatışmazlıq memarlıq harmoniyasının və vahid şəhərsalma yanaşmasının kifayət qədər hiss olunmamasıdır. Bir küçədə müxtəlif hündürlükdə, fərqli memarlıq üslubunda və bir-biri ilə vizual əlaqəsi zəif olan binaların yerləşdirilməsi şəhərin ümumi memarlıq kompozisiyasına mənfi təsir göstərə bilər", - deyə müsahibimiz əlavə edib.

M.Ərturan qeyd edib ki, memarlıq yalnız bahalı fasad, şüşə örtük və ya qeyri-adi forma deyil. Peşəkar memarlıq düzgün proporsiya, funksionallıq, material keyfiyyəti, enerji səmərəliliyi, təhlükəsizlik və ətraf mühitlə harmoniyadır:

"Burada başqa ciddi məsələ də var. Biz bəzən binanın xarici görünüşünü müzakirə edirik, amma onun şəhərə gətirdiyi nəqliyyat, kommunal və sosial yükü ikinci plana keçiririk. Halbuki Bakı və Abşeronda yağışlardan sonra yaranan subasmalar, kanalizasiya və drenaj problemləri, eləcə də paytaxtın nəqliyyat sıxlığı göstərir ki, mühəndis infrastrukturu ilə şəhərin tikinti inkişafı paralel qiymətləndirilməlidir. Müəllifi olduğum “VR Standartları 2026” metodikasının insan mərkəzli yanaşmasını bu məsələyə tətbiq etdikdə də əsas prinsip dəyişmir: bina yalnız öz daxilində komfortlu olmamalı, yerləşdiyi məhəllənin təhlükəsizliyinə, funksionallığına və yaşayış keyfiyyətinə də uyğun gəlməlidir".

Bakının 2040-cı ilədək Baş Planında nəzərdə tutulan çoxmərkəzli inkişaf modelini düzgün istiqamət hesab edən müsahibimiz vurğulayıb ki, əsas məsələ həmin konsepsiyanın bütün yeni tikinti qərarlarında ardıcıl və real şəkildə tətbiq olunmasıdır.

"Yekun olaraq bildirmək istəyirəm ki, Bakının inkişafını yalnız göydələnlərin sayı ilə ölçmək olmaz. Əgər hündür bina şəhərə əlavə tıxac, infrastruktur yükü və yaşayış narahatlığı gətirirsə, bu, uğurlu şəhərsalma göstəricisi deyil. Gələcəyin Bakısı daha hündür binalarla deyil, daha düzgün planlaşdırılmış, təhlükəsiz və insan mərkəzli şəhər mühiti ilə seçilməlidir," - deyə Muxtar  Ərturan bildirib.

Anar Nəsirov: Həmin binalar müasir standartlara cavab vermir, şəhərin ümumi görünüşünə xələl gətirir

Mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov isə Bakıvaxtı.az-a bildirib ki, rayonların və xüsusilə Bakı şəhərinin abadlaşdırılması və modernləşdirilməsi istiqamətində planlar həyata keçirilir.

Onun sözlərinə görə, bu planlar çərçivəsində istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binalar, eləcə də 2 və 5 mərtəbəli evlər sökülərək yerində müasir tələblərə cavab verən hündürmərtəbəli yaşayış kompleksləri tikilir. Müsahibimiz qeyd edib ki, bu binaların sökülməsinin əsas səbəblərindən biri qəzalı vəziyyətdə olmasıdır:

“Digər tərəfdən həmin binalar müasir standartlara cavab vermir və şəhərin ümumi görünüşünə xələl gətirir. Onların əksəriyyəti plandan kənar tikildiyi üçün şəhərsalma prinsiplərinə uyğun deyil. Bu cür binaların çoxunda yeraltı dayanacaq və lift yoxdur, işıq, qaz, su xətləri standarta uyğun çəkilməyib".

Ekspert vurğulayıb ki, müasir tikilən binalar isə yeni standartlara cavab verir. Bina altında avtomobil dayanacaqları, uşaq oyun meydançaları, bağça, market və digər yaşayış, hətta tibbi xidmətlər nəzərdə tutulur.

"Bir sözlə, şəhərin gözəlliyinə və simasına xələl gətirən köhnə tikililər və həyət evləri sökülərək yerində müasir tələblərə cavab verən binalar tikilir. Eyni zamanda yeni binaların tikintisi zamanı ətrafdakı yolların genişləndirilməsi, uşaq meydançalarının salınması və kommunikasiya xətlərinin normativlərə uyğun çəkilməsi və şəhərsalma prinsiplərinə riayət olunması təmin edilir", - Anar Nəsirov əlavə edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026