BMT-nin növbəti baş katibi vəzifəsinə namizədlərdən biri Kosta-Rikanı təmsil edən Rebekka Qrinspandır. Hazırda assambleyada onu 90-dan çox ölkə dəstəkləyir.
Bəs Rebekka Qrinspan kimdir?
Bakıvaxtı.az məlumat verir ki, iqtisadçı və diplomat beynəlxalq təşkilatlarda uzun illər çalışıb, ölkəsinin vitse-prezidenti olub və hazırda BMT-nin Ticarət və İnkişaf Konfransına (UNCTAD) rəhbərlik edir.
Rebekka Qrinspan 1955-ci il dekabrın 14-də Kosta-Rikanın paytaxtı San-Xosedə anadan olub. İqtisadiyyat üzrə təhsil alan Qrinspan Böyük Britaniyanın Sasseks Universitetində də magistr dərəcəsi əldə edib.
O, siyasi fəaliyyətə Kosta-Rikada başlayıb. 1994–1998-ci illərdə ölkənin vitse-prezidenti vəzifəsində çalışıb. Bundan əvvəl isə hökumətdə mənzil məsələləri naziri, sosial-iqtisadi məsələlər üzrə əlaqələndirici nazir və maliyyə nazirinin müavini kimi vəzifələr tutub.
.jpg)
Dövlət idarəçiliyindəki fəaliyyətindən sonra Qrinspan beynəlxalq təşkilatlarda çalışaraq təcrübəsini genişləndirib. O, BMT-nin İnkişaf Proqramında (UNDP) Latın Amerikası və Karib hövzəsi üzrə regional direktor, daha sonra isə BMT baş katibinin müavini və UNDP administratorunun müavini vəzifələrində işləyib.
2021-ci ilin sentyabrında Qrinspan BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi təyin edilib. O, təşkilatın 60 illik tarixində bu vəzifəni tutan ilk qadın olub. UNCTAD dünya ticarəti, investisiyalar, inkişafın maliyyələşdirilməsi və inkişaf etməkdə olan ölkələrin iqtisadi problemləri ilə məşğul olur.
Qrinspanın rəhbərliyi dövründə beynəlxalq ticarət, dövlət borcları, ərzaq və enerji təhlükəsizliyi kimi məsələlər diqqət mərkəzində olub. O, Rusiya-Ukrayna müharibəsi fonunda Qara dəniz vasitəsilə taxıl ixracına imkan verən təşəbbüslə bağlı BMT-nin diplomatik səylərində də iştirak edib.
Kosta-Rika 2026-cı il martın 3-də Qrinspanın BMT baş katibi vəzifəsinə namizədliyini irəli sürüb. O, beynəlxalq iqtisadiyyat və diplomatiya sahəsində təcrübəsi ilə seçilən namizədlərdən biri hesab olunur.
"Reuters"in 2026-cı il oktyabrın 7-də yaydığı məlumata görə, BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi səsverməsində Qrinspan namizədlər arasında öndə olub. O, 9 dəstək və 6 əleyhinə səs alıb.

Qeyd edək ki, BMT-nin baş katibi Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Assambleya tərəfindən təyin edilir. Bu prosesdə ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa kimi Təhlükəsizlik Şurasının beş daimi üzvünün mövqeyi xüsusi əhəmiyyət daşıyır. Onlardan hər hansı birinin veto hüququndan istifadə etməsi namizədin seçilməsinə mane ola bilər.
BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti isə 2026-cı il dekabrın 31-də başa çatır. Yeni baş katibin 2027-ci il yanvarın 1-dən vəzifəyə başlaması nəzərdə tutulur.
Qrinspanın namizədliyini diqqətçəkən edən məqamlardan biri də BMT tarixində indiyədək heç bir qadının baş katib seçilməməsidir. Onun iqtisadiyyat, dövlət idarəçiliyi və beynəlxalq diplomatiya sahəsindəki təcrübəsi namizədliyinin əsas xüsusiyyətləri kimi qiymətləndirilir.
Bununla belə, Qrinspanın BMT-nin növbəti baş katibi olub-olmayacağı hələ məlum deyil. Yekun qərar Təhlükəsizlik Şurasının tövsiyəsindən və Baş Assambleyanın qərarından asılı olacaq.
Murad İsmayıl
















