Lənkəran Beynəlxalq Film Festivalının (LIFF) rəsmi internet saytı yenidən fəaliyyətə başlayır.
Bakıvaxtı.az xəbər verir ki, lankaranfilmfestival.az ünvanında yerləşən rəsmi sayt hazırda yenilənir. Saytın yaxın zamanda tam istifadəyə verilməsi gözlənilir.
Məlumata görə, Lənkəran Beynəlxalq Film Festivalı 28–29 noyabr 2026-cı il tarixlərində keçiriləcək.
Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə filmlərin nümayişi və müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Proqramda bədii, sənədli və animasiya filmləri ilə yanaşı, süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış qısametrajlı filmlərin də yer alacağı bildirilir.
Festivalın əsas məqsədlərindən biri Azərbaycanda kino sənətinin inkişafına dəstək vermək, yerli və xarici kino yaradıcılarını bir araya gətirmək, yeni rejissor və kino müəllifləri üçün imkanlar yaratmaqdır.
Festival çərçivəsində film nümayişləri ilə yanaşı, kino sahəsində müxtəlif tədbirlərin, görüşlərin və müzakirələrin keçirilməsi də gözlənilir.
Yenilənən lankaranfilmfestival.az saytında festivalın proqramı, iştirakçılar, film seçimləri, müsabiqə şərtləri və digər məlumatların yerləşdirilməsi nəzərdə tutulur.
Əli Hüseynov
















