ABŞ Prezidenti Donald Trampın tezliklə daha bir müharibəyə son qoyacağını açıqlaması diqqət çəkib. ABŞ liderinin bu açıqlaması hansı münaqişəni nəzərdə tutduğu ilə bağlı suallar yaradıb.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Trampın bu istiqamətdə verdiyi açıqlamalar artıq çoxsaylı olduğundan, onun son bəyanatını konkret və ciddi açıqlama kimi qiymətləndirmək çətindir:
“Amma məsələyə daha realist baxsaq, hesab edirəm ki, burada söhbət Yəməndən gedir”.
Turan Rzayevin sözlərinə görə, artıq Türkiyə və Pakistan Səudiyyə Ərəbistanına hərbi məsələlər üzrə məsləhətləşmələr aparmaq üçün zabit heyəti göndərib. O, böyük ehtimalla, qeyri-rəsmi şəkildə hərbi kontingentin də göndərildiyini bildirib.
Politoloq Turan Rzayev
Politoloq hesab edir ki, həm aviasiya sahəsində, həm də hərbi məsələlər baxımından Səudiyyə Ərəbistanına dəstək göstəriləcək. Onun fikrincə, bundan sonra "Məkkə Sazişi" ölkələri Yəmənə müdaxilə edərək husilərin məğlub edilməsinə çalışa bilərlər:
“Hazırda hökumət qüvvələri ilə husilər arasında döyüşlər davam etməkdədir. Düzdür, husilər hələ də müəyyən üstünlüyü əllərində saxlasalar da, mən bu vəziyyətin müvəqqəti olduğunu düşünürəm”, – deyə T.Rzayev vurğulayıb.
Müsahibimiz əlavə edib ki, artıq Yəmənə müdaxilə etmək üçün hüquqi şərait də var. Husilərin Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft boru kəmərlərinə və ölkənin hava limanlarına zərbələr endirməsi müttəfiqlərin məsələyə müdaxiləsi üçün əsas yaradır.

Türkiyə və Pakistan Səudiyyə Ərəbistanı ilə birlikdə Yəmənə qarşı mübarizəyə başlasa, husilərin məğlub edilməsi mümkündür:
“Əgər Pakistan və Türkiyə Səudiyyə Ərəbistanı ilə birlikdə Yəmənə qarşı mübarizəyə başlasa, hesab edirəm ki, Yəməndəki husilər bu prosesdə artıq məğlub olacaqlar və faktiki olaraq, Yəməndəki müharibə dayanacaq”, – politoloq bildirib.
O, Suriyada baş verən proseslərin Yəməndə də təkrarlana biləcəyini düşünür. Ekspertin qənaətincə, böyük ehtimalla, bundan sonra həm Suriya, həm də Yəmən Məkkə sazişinə qoşula bilər.
Zeynəb Rzayeva
















