Avropa Parlamentində bu gün “Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının müxalifət partiyalarını qadağan etmək cəhdləri” ilə bağlı qətnaməyə səs veriləcək.
Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, beş siyasi qrup tərəfindən hazırlanan sənəddə müxalifətə qarşı iddianın geri götürülməsi, Mixeil Saakaşvili və digər siyasi məhbusların azad edilməsi, eləcə də Bidzina İvanişvili daxil olmaqla əsas rəhbər şəxslərə fərdi sanksiyaların tətbiqi tələb olunur.
Qətnamə layihəsində Avropa Parlamenti fəaliyyət göstərən siyasi müxalifətin demokratiyanın ayrılmaz dayağı olduğunu vurğulayır və legitim siyasi müxalifətin məhkəmə vasitəsilə aradan qaldırılmasının demokratiya ilə ziddiyyət təşkil etdiyini bildirir.
Həmçinin xəbərdarlıq edilir ki, müxalifət partiyalarının qadağan edilməsi Gürcüstanın Aİ-yə üzvlük perspektivini tamamilə istisna edəcək.
Qətnamə layihəsinin müəllifləri Avropa Xalq Partiyası (EPP), Sosialistlər və Demokratlar (S&D), Avropa Mühafizəkarları və İslahatçıları (ECR), “Renew Europe” və Yaşıllar/Avropa Azad Alyansı (Greens/EFA) siyasi qruplarının nümayəndələridir.
Gülşən Şərif
















