• Bakı 19° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

“Vivaldi” əməliyyatı müharibənin taleyini dəyişə bilərmi? 

SİYASƏT, DÜNYA

08 Oktyabr 2026 | 12:30 | Müəllif: Gülşən Şərif

“Vivaldi” əməliyyatı müharibənin taleyini dəyişə bilərmi?

Bu ilin may ayından Ukrayna Rusiyaya qarşı “Vivaldi” kod adlı əks-hücumu həyata keçirir. Ukrayna Prezidenti Volodimir Zelenski və hərbi komandanlığın açıqlamalarına əsasən, əməliyyat çərçivəsində Rusiya ordusunun 5000-ə yaxın hərbçisi zərərsizləşdirilib. O cümlədən, kəndlər azad edilib, Drobışeve və Novomıxaylivka üzərində tam nəzarət bərpa olunub. Qeyd edək ki, "Vivaldi" əməliyyatı hərb tarixində insan qüvvəsinin sistemli şəkildə robotlarla əvəz edildiyi ilk genişmiqyaslı nümunələrdən biridir.

Bəs "Vivaldi" əməliyyatı Ukrayna üçün qələbə gətirə bilərmi? "Vivaldi" fonunda gələcəkdə bütün müharibələrdə insanlar robotlarla əvəzlənə bilər?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a danışıb.

Onun sözlərinə görə, adətən bu cür hərbi əməliyyatlar həyata keçirilərkən media və rəsmi dairələrdə həddən artıq şişirdilmiş məlumatlar tirajlanır, hadisələrə süni şəkildə daha böyük miqyas verilir:

"Yeni müharibələrin gedişatında texnika və texnologiyaların istifadəsi, onların insanı əvəz etməsi son dərəcə vacib rol oynayır. Birincisi, ön xətdə insan faktoru azaldıqca, şəxsi heyət arasında tələfatın qarşısı alınır. Digər tərəfdən, robotların qorxu hissi yoxdur deyə onlar hətta insan üçün əlçatmaz olan məsələlərdə də çox böyük irəliləyişlər əldə edirlər və çox mürəkkəb əməliyyatları yerinə yetirirlər. Ancaq bu, hələlik eksperiment səviyyəsində olan bir yanaşmadır. İlk dəfədir ki, Ukrayna "Vivaldi" əməliyyatı ilə bağlı robotlardan istifadə edir. İnanmıram ki, o robotları Ukrayna özü istehsal edir. Çox güman ki, robotlar idxal olunur və bu, bahalı prosesdir".

T. Abbasovun fikrincə, hərbi təyinatlı robotlar mürəkkəb mexanizmlər və xüsusi proqram təminatı ilə təchiz olunduğundan onların maya dəyəri kifayət qədər yüksəkdir. Belə ki, 5 000 nəfərlik canlı qüvvəni əvəz edə biləcək imkanlara malik robot sistemlərinin tətbiqi çox nəhəng maliyyə vəsaiti tələb edir.

"Bildiyiniz kimi, Almaniya kansleri Fridrix Merts Kiyevə səfər edib və Ukraynanın müharibəni davam etdirməsinin vacibliyini bəyan edib. Əsas göstərici ondan ibarətdir ki, niyə Avropa Ukraynaya görə özünü öldürür? Niyə avropalılar, o cümlədən Paris, London, Berlin canfəşanlıq edirlər ki, mütləq şəkildə Ukrayna müharibəni davam etdirməlidir?  Məsələ burasındadır ki, müharibənin davamlı hal alması iştirakçı tərəflərə öz boşluqlarını doldurmaq üçün imkanlar yaradır. Müharibənin uzanması tərəflərə düşmənin silah və vasitələrini ələ keçirərək tədqiq etmək, daha təkmil modifikasiyalı analoqlar istehsal etmək imkanı verir. Bu kontekstdə müharibələr hərbi-sənaye kompleksinin inkişafına təkan verir", - deyə politoloq vurğulayıb.

Politoloq Tofiq Abbasov

Politoloq qeyd edib ki, mövcud vəziyyətdə Avropa artıq Amerikadan hərbi sahədə uzaqlaşır:

"Donald Trampın avroatlantizm dəyərlərinə skeptik yanaşması Avropanı faktiki olaraq təhlükəsizlik məsələlərində tək buraxdı. Avropa ölkələri artıq okeanın o tayındakı hegemona tam bel bağlaya bilməyəcəklərini anlayırlar. Avropa dövlətləri öz hərbi-texniki bazalarını müasirləşdirmək və istehsal qüvvələrini səfərbər etmək məcburiyyətindədirlər. Məhz Mertz kimi siyasətçilərin barışmaz mövqeyi Almaniya ordusunu yeni keyfiyyət və döyüş qabiliyyəti müstəvisinə qaldırmaq məqsədi daşıyır. Ona görə də indi Ukrayna poliqonunda faktiki olaraq Qərb ilə Rusiya savaşır. Fransa, Böyük Britaniya və Almaniya öz hərbi potensialını sınaqdan keçirir, Rusiya ilə gələcəkdə baş verə biləcək potensial genişmiqyaslı müharibənin konturlarını və taktiki modellərini cızırlar. Ancaq bu geosiyasi sınaqların və geostrateji oyunların bütün ağır yükü Ukrayna xalqının üzərinə düşür". 

Müsahibimiz hesab edir ki, artıq Ukraynda demoqrafik vəziyyət kritik həddə çatıb. Gənc nəslin böyük hissəsi sıradan çıxıb, orta yaşlı kişilər isə birbaşa küçələrdən və iş yerlərindən mülki həyatdan cəlb edilərək ön xəttə göndərilir.

"Əlbəttə ki, bu cür müharibə aparmazlar. Digər tərəfdən isə çıxılmaz vəziyyətdir. Ukraynanın müdafiə sisteminin nə dərəcədə güclü olacağını zaman göstərəcək. Bütün hallarda robotların bu proseslərə cəlb olunması heç də yaxşı bir məsələ deyil. Robotların hərbi əməliyyatlara intensiv cəlb olunması gələcəkdə müharibələrin xarakterinin dəyişəcəyindən, münaqişələrin daha geniş coğrafiyanı əhatə edəcəyindən və insan cəmiyyətinin ayrılmaz hissəsinə çevriləcəyindən xəbər verir. Müharibə meydanında insanı robotların əvəz etməsi texnoloji irəliləyiş kimi görünsə də, bəşəriyyət üçün daha böyük fəlakətlərin xəbərçisidir. Ən yaxşı alternativ isə müharibələrin ümumiyyətlə baş verməməsidir", - müsahibimiz vurğulayıb.

Onu da qeyd edək ki, Ukraynanın “Vivaldi”əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin 2026-cı ilin may ayından etibarən Donetsk vilayətinin şimalındakı Liman istiqamətində tam məxfi şəraitdə həyata keçirdiyi və Rusiyanın Donbasdakı irəliləyişini ciddi şəkildə pozan robotlaşdırılmış uğurlu əks-hücum əməliyyatıdır. Əməliyyat adını məşhur bəstəkar Antonio Vivaldinin "Fəsillər" əsərindən götürüb və dörd mərhələdən ibarət olması planlaşdırılıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR