• Bakı 17° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

"Azərbaycan və Türkmənistan münasibətləri daha da genişlənib" - Millət vəkili 

SİYASƏT

08 Oktyabr 2026 | 16:30 | Müəllif: Zeynəb Rzayeva

"Azərbaycan və Türkmənistan münasibətləri daha da genişlənib" - Millət vəkili

"Azərbaycan və Türkmənistan arasında münasibətlər son illərdə iqtisadi, nəqliyyat və humanitar sahələrdə daha da genişlənib. Xüsusilə Trans-Xəzər marşrutunun inkişafı iki ölkə arasında əməkdaşlıq üçün yeni perspektivlər açır".

Milli Məclisin deputatı Hikmət BabaoğluBakıvaxtı.az-a açıqlamasında Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafından danışıb.

Deputat bildirib ki, iki ölkə arasında münasibətlər tarixi, mədəni və etnik yaxınlığa əsaslanır. Onun sözlərinə görə, 2017-ci ildə imzalanan strateji tərəfdaşlıq haqqında müqavilə mövcud əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirib.

“Son illərdə Azərbaycanla Türkmənistan arasında iqtisadi, kommunikasiya və yükdaşımalar sahəsində əməkdaşlıq əhəmiyyətli şəkildə intensivləşib. Trans-Xəzər marşrutunun aktuallaşması isə bu əlaqələrə yeni imkanlar qazandırıb”, - deyə H.Babaoğlu qeyd edib.

O vurğulayıb ki, Türkmənistanın Azərbaycan üzərindən Türkiyə və Avropa istiqamətində çıxış imkanlarının genişləndirilməsi hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır.

H.Babaoğlu iki ölkə arasında yükdaşımaların həcminin də artdığını bildirib. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan-Türkmənistan xətti üzrə yükdaşımaların həcmi 2,5 milyon tonu ötüb.

“Bu göstərici mühüm nəticədir, lakin iki ölkənin iqtisadi əməkdaşlıq potensialı bununla məhdudlaşmır. Qarşıdakı dövrdə Türkmənistanın Azərbaycan vasitəsilə Avropa və Türkiyə bazarlarına çıxışı üçün daha geniş imkanlar yarana bilər”, - deyə deputat bildirib.

H.Babaoğlu Azərbaycan-Türkmənistan əlaqələrinin yalnız iqtisadiyyat və nəqliyyatla məhdudlaşmadığını da diqqətə çatdırıb. O, humanitar və mədəni sahələrdə qarşılıqlı tədbirlərin keçirilməsini, həmçinin parlamentlərarası əlaqələrin inkişafını müsbət qiymətləndirib.

Deputatın sözlərinə görə, iki ölkə Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda da əməkdaşlıq edir. Xəzər dənizi ilə bağlı məsələlərdə Azərbaycan və Türkmənistanın qarşılıqlı anlaşma əldə etməsini də münasibətlərin inkişafında mühüm amil kimi dəyərləndirib.

O əlavə edib ki, Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm mərhələ ola bilər.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026