Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək.
Maraqlıdır ki, bu qərar korrupsiya ilə mübarizədə effektiv ola biləcəkmi?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, korrupsiyaya və digər neqativ hallara qarşı mübarizədə ictimai iştirakçılığın artırılması, eləcə də sosial nəzarət mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir:

Sosioloq Üzeyir Şəfiyev
"Bu çərçivədə sosial agentlər vasitəsilə həyata keçirilən tədbirlər mövcud problemlərin köklü şəkildə aradan qaldırılmasında həlledici faktora çevrilə bilər. Cəmiyyətin və vətəndaşların qərarqəbuletmə prosesində yaxından iştirakı hüquqi və demokratik dövlət anlayışının əsas prinsiplərindəndir".
Ekspert hesab edir ki, sosial agentlərin fəaliyyətinin dəstəklənməsi cəmiyyətdə sosial anomaliyaların, neqativ halların qarşısının alınmasına və şəffaflığın təmin edilməsinə mühüm töhfə verə bilər.
Gülşən Şərif
















