"TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur. Fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir".
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, informasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir:
"Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür.
Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır.Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, artıq 2 gündür xəstəxanalarda TƏBİB-in sistemində problem yaranması ilə bağlı iddia yayılıb. Bu barədə sosial şəbəkə hesabında bloqer Gülnar Nəsibli paylaşım edib.
Günəş Mərd
















