q
  • Bakı 14° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Parlament xəttində fasilə: Körpülər yanmır, amma qaydalar dəyişir

SİYASƏT

01 May 2026 | 15:20

Parlament xəttində fasilə: Körpülər yanmır, amma qaydalar dəyişir

Milli Məclis Avropa Parlamenti ilə əlaqələri, Avronest çərçivəsində iştirakı dayandırıdı. Bu təşəbbüs Azərbaycan-Avropa münasibətlərində yeni və daha sərt mərhələnin başlandığını göstərir.

Bu addım ilk baxışdan kəskin qərar təsiri bağışlasa da, əslində uzun müddətdir yığılan narazılıqların institusional səviyyədə ifadəsi kimi oxunmalıdır. Xüsusilə Avropa Parlamenti tərəfindən qəbul olunan bəzi qərarların Bakıda qərəzli və selektiv yanaşma kimi qəbul edilməsi bu prosesin əsas fonunu təşkil edir. Yəni burada emosional reaksiya yox, daha çox siyasi xəttin dəyişdirilməsi müşahidə olunur.

Baş verənləri tam qopma kimi qiymətləndirmək tələsik nəticə olardı, çünki tərəflər arasında qarşılıqlı maraqlar hələ də qalmaqdadır. Azərbaycan Avropa üçün enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaşdır, Avropa isə Azərbaycanın əsas iqtisadi və texnoloji tərəfdaşlarından biri olaraq qalır. Buna görə də siyasi platformalarda gərginliyin artması əməkdaşlığın bütün sahələrdə dayanacağı anlamına gəlmir. Sadəcə olaraq, Bakı artıq münasibətləri əvvəlki kimi “institusional dialoq üstünlüklü model” üzərindən deyil, daha çox konkret maraqlara əsaslanan praqmatik formatda qurmağa çalışır.

Bu qərarın digər tərəfi isə siyasi siqnal funksiyasıdır. Azərbaycan göstərir ki, daxili məsələlərə müdaxilə kimi qəbul etdiyi yanaşmalara qarşı institusional cavab vermək imkanına malikdir və bunu tətbiq etməkdən çəkinmir. Eyni zamanda, regionda formalaşan yeni güc balansı da bu davranışın arxasında dayanır. Post-münaqişə dövründə Bakı özünü yalnız reaksiya verən tərəf kimi deyil, gündəmi müəyyən edən aktor kimi təqdim etməyə çalışır və bu da xarici tərəfdaşlarla münasibətlərdə daha sərt tonun seçilməsinə səbəb olur.

Bununla belə, bu addımın müəyyən riskləri də var və onları nəzərə almamaq düzgün olmaz. Avropa Parlamenti səviyyəsində tənqidlərin və siyasi təzyiq ritorikasının artması mümkündür, bu isə ümumi münasibətlərin daha da gərginləşməsinə gətirib çıxara bilər. Amma böyük mənzərədə baxdıqda, baş verənlər daha çox münasibətlərin yenidən kalibrlənməsi kimi görünür. Yəni söhbət körpülərin tam dağıdılmasından deyil, onların yeni şərtlər və daha sərt qaydalar əsasında yenidən qurulmasından gedir.

Alim Nəsirov


SON XƏBƏRLƏR