Xəbər verdiyimiz kimi, Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bəs sözügedən Ədalət Fərəcov kimdir?
Bakıvaxtı.az onun dosyesini təqdim edir.
Ədalət Fərəcov 1936-cı ildə Masallı rayonunun Kürdəbaz kəndində anadan olub. Uşaqlıq illəri çətin şəraitdə keçib, erkən yaşda atasını itirib və anası üç uşaqla tək qalıb. Buna baxmayaraq, o, təhsilə böyük maraq göstərib, kitab oxumağa həvəsi ilə seçilib və məktəb illərində yüksək nəticələr əldə edib. Orta təhsilini Masallı rayon onillik məktəbində əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunub.
1963-cü ildə ADPU-nun biologiya-kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib və elmi fəaliyyətə institutda davam edib. 1970-ci ildə namizədlik dissertasiyası müdafiə edərək ionlaşdırıcı şüalanmanın orqanizmə təsirini araşdırıb. Daha sonra tədqiqatlarını daha da genişləndirərək sinir sisteminin funksional dəyişiklikləri, neyromediatorların metabolizmi və beynin limbik strukturlarının fəaliyyəti ilə bağlı mühüm elmi nəticələr əldə edib. 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edərək beynəlxalq səviyyədə tanınan elmi işlər müəllifinə çevrilib.
Onun tədqiqatları əsasən neyrobiologiya, fiziologiya və biokimya sahələrini əhatə edir. Alim etanol, narkotik maddələr, radioaktiv şüalanma və qida deprivasiyası kimi amillərin orqanizmə, xüsusilə də baş beynin fəaliyyətinə təsirini araşdırıb. Bu tədqiqatlar nəticəsində sinir sistemində oyanma və ləngimə proseslərinin balansı, neyromediatorların dəyişməsi və ferment aktivliyi ilə bağlı mühüm elmi nəticələr əldə olunub.
Ədalət Fərəcovun elmi fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb. O, Moskva, Kiyev, Minsk, Almaniya, Fransa, Türkiyə, İran, Kanada və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak edib, 250-dən çox elmi məqalə və tezis nəşr etdirib. Onun rəhbərliyi ilə 21 nəfər dissertasiya müdafiə edərək müxtəlif bioloji və tibbi ixtisaslar üzrə alimlik dərəcəsi alıb.
Pedaqoji fəaliyyəti də geniş olub. O, uzun illər ADPU-da çalışıb, Fiziologiya kafedrasına rəhbərlik edib, həmçinin hərbi və fiziki təlim fakültəsinin dekanı vəzifəsində işləyib. 15 ildən artıq müddətdə biologiya üzrə respublika olimpiadalarına rəhbərlik edərək Azərbaycan məktəblilərinin beynəlxalq yarışlarda uğur qazanmasına töhfə verib.
Ədalət Fərəcov həm də ictimai fəallığı ilə seçilib. O, 1992-ci ildə “91-lər” müraciətini imzalayan ziyalılardan biridir və müxtəlif dövrlərdə ölkənin ictimai-siyasi həyatında mövqe bildirib. Elmi-populyar yazıları, televiziya çıxışları və məqalələri ilə gənclərdə vətənpərvərlik və elmə marağın formalaşmasına çalışıb.
O, bir çox dövlət və beynəlxalq mükafatlara layiq görülüb. “Tərəqqi” medalı, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı, “Əlaçı” döş nişanı, eləcə də Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin “İlin görkəmli ziyalısı” və qızıl medal mükafatı onun fəaliyyətinə verilən yüksək qiymətlərdəndir.
Ədalət Fərəcovun elmi irsi insan orqanizminin inkişafı, sinir sisteminin tənzimlənməsi və ekoloji amillərin bioloji təsiri kimi sahələrdə mühüm əhəmiyyət daşıyır. O, həm alim, həm müəllim, həm də ziyalı kimi Azərbaycan elminin inkişafına böyük töhfə verən şəxsiyyətlərdən biridir.
Zeynəb Rzayeva
Bakı 




