Bu il yaz və yay aylarında yağıntının normadan çox olması kənd təsərrüfatına “birmənalı yaxşı” və ya “birmənalı pis” təsir göstərməyib.
Bunu Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakıvaxtı.az-a yağıntılı havanın təsərrüfata təsirindən danışarkən deyib.
Onun sözlərinə görə, sektorlar üzrə təsir tam fərqlidir:
“Taxılçılıq üçün yağışlar əsasən faydalı oldu. Payızlıq buğda və arpa üçün quraqlıq riski aradan qalxdı. Mart–aprel aylarında yağan yağıntılar sünbülləmə dövrünə təsadüf etdiyindən dənin dolumu yaxşı getdi. Kənd Təsərrüfatı Nazirliyinin ilkin məlumatlarına əsasən, aran rayonlarında məhsuldarlıq ötən ilki 29–30 sentnerdən bu il 32–34 sentnerə yüksəlib.
Lakin mayın sonu və iyunun əvvəlində aramsız yağışlar biçin prosesinə çətinlik yaratdı. Texnika tarlalara daxil ola bilmədi, bəzi sahələrdə dən töküldü və cücərmə halları müşahidə olundu. Xüsusilə Şəki–Zaqatala və Quba–Xaçmaz zonalarında kombaynların sahələrə girişi 10–15 gün gecikdi. Nəticədə ümumi tonaj artsa da, məhsulun keyfiyyəti aşağı düşdü: yemlik buğda payı artdı, ərzaqlıq hissə isə azaldı.
Bu il nəticənin necə olacağını isə hava şəraiti və proqnozlar göstərəcək”.
.jpeg)
Akif Nəsirli: Yağıntı “taxılı qaldırdı, tərəvəzi batırdı”
Müsahibimiz bildirib ki, meyvəçilikdə vəziyyət qarışıqdır. Yağış çiçəkləmə dövrünə təsadüf edəndə tozlanma zəifləyir. Bu il alma, armud və gilas bağlarında yağış çiçəyi yuduğu üçün meyvətutma 15–20 faiz aşağı düşüb. Qubada gilasda çatlama və monilioz xəstəliyinin yayılması da müşahidə olunub. Lakin fındıq və qoz üçün yağıntı faydalı olub. Göyçay narında və Kürdəmir heyvasında su stresi yaranmayıb, meyvələr daha yaxşı iriləşib. Üzümçülükdə isə əsas problem dolu olub. May–iyun aylarında yağan dolu Şamaxı, İsmayıllı və Gəncə ətrafında bağların 30–40 faizinə ziyan vurub. Yağışın özü deyil, dolu ilə birlikdə düşməsi ciddi itkilərə səbəb olub.
“Tərəvəzçilik ən çox əziyyət çəkən sahədir. Pomidor, xiyar, bibər və kartof rütubəti sevmir. Aramsız yağışlar fitoftora, unlu şeh və bakterioz kimi xəstəlikləri artırdı. Sabirabad, Saatlı və Salyanda açıq sahə pomidorunun təxminən 40 faizi xəstəlik səbəbindən məhv oldu. Fermerlər 10–12 dəfə dərman vurmağa məcbur qaldı, bu da maya dəyərini artırdı. İstixana təsərrüfatları isə sudan az asılı olduğu üçün zərər görmədi, əksinə, sərin hava qaza qənaətə imkan verdi”.
Onun sözlərinə görə, pambıqçılıqda yağışın təsiri ikilidir. Aprel ayındakı yağıntılar torpağı yumşaldaraq cücərməni yaxşılaşdırsa da, may–iyun yağışları cərgələri basıb, alaq otlarını artırıb və kultivasiyanı gecikdirib. Hazırda qozaların yetişməsi də ləngiyir. Əgər sentyabr quraq keçsə, məhsuldarlıq normal ola bilər, əks halda keyfiyyətin düşməsi və qozaların açılmaması riski var.
Sədr qeyd edib ki, heyvandarlıqda vəziyyət ümumilikdə müsbətdir. Yay otlaqlarında ot örtüyü bol olub, aranda yonca 4-cü biçinə imkan verib. Yem bazası güclənib, süd məhsuldarlığı 8–10 faiz artıb. Bununla belə, rütubət artımı xəstəlikləri də çoxaldıb: xırdabuynuzlularda ağciyər, iribuynuzlularda isə dırnaq çürüməsi halları geniş yayılıb. Arıçılıq sahəsində isə vəziyyət mənfidir — yağışlı günlərdə arıların uçuşu məhdudlaşdığı üçün bal yığımı təxminən 30 faiz azalıb. Şimal bölgəsində cökə, cənubda isə biyan balı üzrə planlar geridə qalır.
“Ümumi balans belədir: dənli bitkilərdə 10–15 faiz artım, meyvəçilikdə təxminən 5 faiz azalma, tərəvəzçilikdə 20 faizədək itki, pambıqda riskli vəziyyət, heyvandarlıqda isə 8 faiz artım var. Yəni yağış taxılı artırdı, tərəvəzi isə zərərə saldı”.
Onun sözlərinə görə, əsas problem yağışın özü deyil, mövcud infrastrukturdur: drenaj kanalları təmizlənmədiyi üçün sahələrdə su qalır, doluya qarşı müdafiə sistemi hər yerdə effektiv deyil, fermerlər xəstəliklərlə bağlı operativ məlumat almır, anbar çatışmazlığı isə biçin gecikəndə məhsul itkisinə səbəb olur.
A.Nəsirli əlavə edib ki, nəticədə bu il yağıntılar ümumi kənd təsərrüfatı məhsulunu ötən illə müqayisədə 3–4 faiz artıra bilər, lakin gəlirlilik artmayacaq. Çünki keyfiyyət aşağı düşüb, xərclər isə yüksəlib. Nəticədə tərəvəz bahalaşacaq, taxıl isə ucuzlaşa bilər. Onun fikrincə, fermer üçün əsas məsələ yağışın miqdarı deyil, onun vaxtı və kənd təsərrüfatı infrastrukturunun ona nə dərəcədə hazır olmasıdır.
Zeynəb Rzayeva
Bakı 




