Almaniya hökuməti ABŞ Prezidenti Donald Trampın Amerika qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı bəyanatlarına təmkinli yanaşır və bu istiqamətdə kəskin addımların atılacağını gözləmir.
Bakıvaxtı.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu məsələyə toxunaraq, ABŞ-ın Almaniyadakı əsas hərbi obyektlərinin bağlanmasının gündəmdə olmadığını deyib. Onun sözlərinə görə, Almaniyadakı Ramştayn hava bazası, Landştuldakı hərbi hospital, Qrafenvörd təlim poliqonu və Ştutqartdakı qərargah həm ABŞ, həm də Almaniya üçün strateji əhəmiyyət daşıyır. “ABŞ bu obyektlərə ehtiyac duyur və onlar hər iki tərəfin təhlükəsizliyinə xidmət edir”, - deyə nazir vurğulayıb.
Y.Vadeful qeyd edib ki, Vaşinqtonun hərbi mövcudluğunu yenidən nəzərdən keçirməsi yeni məsələ deyil və ABŞ uzun müddətdir diqqətini Sakit okean regionuna yönəltmək niyyətini ifadə edir. Bu fonda Avropanın təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməsi vacib sayılır.
Almaniya Kansleri Fridrix Merts isə Almaniya-ABŞ münasibətlərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Bundesver NATO çərçivəsində müttəfiqlərlə birlikdə ölkədəki strateji obyektlərdə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Donald Tramp Kansler Fridrix Merts ilə İran məsələsi ətrafında yaranmış qarşılıqlı tənqidlər fonunda “Truth Social” platformasında ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu azaltmaq imkanını nəzərdən keçirdiyini və qərarın yaxın vaxtlarda veriləcəyini açıqlayıb.
Ötən ilin sonuna olan məlumata əsasən, ABŞ-ın Avropadakı hərbi bazalarında yerləşdirilən 68 min hərbçidən 36 mini Almaniya ərazisindədir. Almaniyadakı Ramştayn bazası ABŞ-ın Birləşmiş Ştatlardan kənardakı ən böyük hərbi hava bazasıdır.
Bakı 




