"Süni intellektin geniş istifadəsi ilə bağlı risklər və rəqəmsal təhlükəsizlik məsələləri diqqətə çəkilib".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov deyib.
Onun sözlərinə görə, dünya artıq rəqəmsal transformasiyanın tam mərkəzindədir və bu proses həm media, həm də dövlət idarəçiliyinə birbaşa təsir göstərir:
“Biz kağız dövründən internet və sosial şəbəkələr dövrünə keçdik. İndi isə süni intellekt dövründəyik. Amma bu keçid yalnız üstünlüklər deyil, ciddi təhlükələr də yaradır”.
İ.Əzizov qeyd edib ki, süni intellektin inkişafı ilə informasiya təhlükəsizliyi yeni mərhələyə qədəm qoyub və artıq əsas sual texnologiyadan istifadə yox, onun necə qorunmasıdır:
“Hazırda bir çox şirkətlər belə süni intellektin yaratdığı riskləri tam qiymətləndirə bilmədiyi üçün bəzi modellərin istifadəsini məhdudlaşdırır”.
Dediyinə görə, istifadəçilər rəqəmsal platformalarda paylaşdıqları məlumatların əslində sistemlərin öyrədilməsində istifadə oluna biləcəyini unutmamalıdırlar:
“Əgər bir məhsula pul ödəmirsinizsə, çox vaxt siz həmin məhsulun özü olursunuz. Paylaşılan məlumatlar süni intellekt sistemlərinin öyrədilməsində istifadə olunur”.
O vurğulayıb ki, dövlət qurumlarında süni intellektdən istifadə proseslərin sürətləndirilməsi və effektivliyin artırılması məqsədi daşıyır, lakin bu proses mütləq informasiya təhlükəsizliyi çərçivəsində həyata keçirilməlidir.
Zeynəb Rzayeva
Bakı 




