q
  • Bakı 14° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Süni intellekt jurnalistin işini asanlaşdırır, amma...

MEDİA

01 May 2026 | 16:00

Süni intellekt jurnalistin işini asanlaşdırır, amma...

“Süni intellekt media fəaliyyətini həm asanlaşdırır, həm də yeni risklər yaradır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova deyib.

O qeyd edib ki, rəqəmsal inkişafın bütün mərhələləri media fəaliyyətinə birbaşa təsir göstərib:

“İnternetin yaranması, sosial şəbəkələrin inkişafı hər dəfə media məzmununu və fəaliyyətini dəyişib. Sosial şəbəkələrdən sonra artıq ‘yeni media’ anlayışı formalaşmağa başladı”.

Səbinə Seyidova bildirib ki, media qurumları sosial şəbəkələr üzərindən auditoriyalarını genişləndirməyə çalışsalar da, ənənəvi media hələ də interaktivlik baxımından sosial platformalarla rəqabətdə çətinlik yaşayır:

“Artıq böyük media təşkilatları sosial şəbəkələrdə ayrıca strategiyalar qurur, insanları həm maarifləndirmək, həm də cəlb etmək üçün fərqli məzmun təqdim edir”.

O vurğulayıb ki, süni intellekt jurnalistlərin işini asanlaşdırır, rutin prosesləri azaldır və daha çox analitik düşünməyə imkan yaradır:

“Jurnalistlər artıq daha çox müəllif və analitik kimi çıxış edə bilir. Media sadəcə informasiyanı ötürən deyil, onu düzgün təqdim etməyin yollarını tapan struktura çevrilir”.

MEDİA rəsmisi Almaniyada hələ illər əvvəl bir qəzetin süni intellekti müəllif kimi təqdim etdiyini xatırladaraq bildirib ki, hava xəbərləri və statistik materiallar kimi təkrarlanan kontentlərin avtomatlaşdırılması artıq dünya mediasında geniş tətbiq olunur.

Bununla yanaşı, o, süni intellektdən həddindən artıq istifadənin təhlükələrinə də diqqət çəkib:

“Əgər bütün işi süni intellektə həvalə etsək, zamanla yazı üslubumuz və peşə bacarıqlarımız zəifləyə bilər. Oxucular süni intellektlə yazılmış mətnlərdə emosiyanın olmadığını hiss edir və bu, etimadı azalda bilər”.

Səbinə Seyidova əlavə edib ki, medianın əsas missiyası bütün dövrlərdə ictimai etimadı qorumaq olub:

“Süni intellektlə yaradılan məzmunda əsas məsələ həqiqətin təhrif olunmaması və dezinformasiyaya yol verilməməsidir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR