“ABŞ Prezidenti Donald Trampın İranla müharibədən çıxmaq istəyi əvvəldən hiss olunurdu. Savaşın dayandırılması və atəşkəsin əldə olunması sırf bundan qaynaqlanırdı”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli deyib.
Ekspert bildirib ki, Trampın gözlədiyi kimi İran zəif çıxmadı və təslim olmadı:
“ABŞ cəmiyyəti üçün uzunmüddətli müharibə arzuolunan deyil. Amerika ictimaiyyəti qısamüddətli qələbələrə öyrəşib. Elə zənn edirlər ki, bütün münaqişələr Venesuela variantında olmalıdır. Üstəlik, uzunmüddətli müharibələr ABŞ üçün ciddi maliyyə itkisi deməkdir. Həm də hər savaşda xeyli insan həyatını itirir ki, bu da cəmiyyətdə narazılığa səbəb olur. Ona görə də Amerika cəmiyyəti müharibənin dayanmasını istəyir və Tramp da bunu başa düşür. Nəzərə alaq ki, ABŞ daxilində, siyasi elita arasında da vahid mövqe yoxdur. Müharibəyə ordu cəlb olunursa, Senatın razılığı labüddür”.
Q.Əlibəyli xatırladıb ki, noyabr ayında ABŞ-də ara seçkilər keçiriləcək:
“Tramp seçkilərə İran üzərində qələbə qazanmış lider kimi qatılmaq niyyətinin baş tutmayacağını anlayır. Ona görə ən azından çalışır ki, İranı mühasirədə, blokadada saxlasın. İranın dənizdən blokadada saxlanması Qərbin enerji təchizatında ciddi problemlərin olacağı, eyni zamanda, Körfəz ölkələrinin Hörmüz boğazından istifadə edə bilməməsidir. Körfəz ölkələri Hörmüz boğazının onlar üçün bağlı olmasından ciddi ziyan görürlər. Tramp nəinki bu problemi həll edə bilmir, hətta açıq şəkildə həll etmək niyyətində olmadığını söyləyir. Ağ Ev rəhbərinin bu yanaşması Vaşinqtonun Körfəz ölkələrinin nəzdində müttəfiq və tərəfdaş statusunu ciddi zədələyir”.

Qulamhüseyn Əlibəyli: Amerika cəmiyyəti müharibənin dayanmasını istəyir və Tramp da bunu başa düşür
Müsahibimiz qeyd edib ki, son günlərdə Avropa ölkələri də Hörmüz boğazının tezliklə açılması yönündə çağırışlar edirlər və mövcud vəziyyətə tab gətirmək gücündə olmadıqlarını etiraf edirlər. Dediyinə görə, Tramp bu tələbləri nəzərə almaq məcburiyyətindədir. Əks halda vəziyyət getdikcə daha gərgin hal alacaq.
Analitik əlavə edib ki, İran çox ciddi zərər görsə də, siyasi-hərbi liderlərini itirsə də, indiki durumu öz qələbəsi kimi dəyərləndirir:
“Çünki Tramp İranda mövcud rejimi dəyişdirməyə nail ola bilmədi. Hətta ABŞ-nin hücumları SEPAH-ı gücləndirdi. O səbəbdən, Tehran da müharibənin davam etməsində maraqlı deyil. Ancaq tərəflər arasında sülh razılaşması da olmayacaq. ABŞ dövlət kativi Mark Rubio deyir ki, Vaşinqton Tehranla məxfi danışıqlar aparır. Bu o deməkdir tərəflər arasında müəyyən təmaslar, danışıqlar var”.
Aydın Baxış
Bakı 



