Mingəçevirdə 20 Oktyabr – Energetiklər Gününə həsr olunmuş tədbir keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, “Azərenerji” ASC və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə energetika sahəsinin inkişafı, ölkənin enerji təhlükəsizliyinin təmin olunması və Mingəçevirin bu sahədəki strateji əhəmiyyəti vurğulanıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında energetikləri peşə bayramı münasibətilə təbrik edib, şəhərin inkişafında energetika sahəsinin və bu sahədə çalışan insanların mühüm rolunu qeyd edib.
Daha sonra “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin təbrik müraciəti səsləndirilib.
Tədbirdə Azərbaycanın elektroenergetika sistemində son illərdə həyata keçirilən yenidənqurma və modernləşdirmə işləri barədə məlumat verilib. Yeni generasiya güclərinin yaradılması, elektrik stansiyaları və yarımstansiyaların tikintisi, yüksək gərginlikli ötürücü şəbəkələrin yenilənməsi, eləcə də rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi diqqətə çatdırılıb.
Mingəçevirin ölkənin enerji təminatındakı xüsusi mövqeyi də vurğulanıb. Bildirilib ki, Azərbaycanın energetika tarixində mühüm yer tutan “Azərbaycan” İstilik Elektrik Stansiyasının fəaliyyətə başlamasının 45 ili tamam olub. Stansiya ötən müddətdə ölkənin enerji təminatında mühüm rol oynayıb və burada peşəkar energetiklər nəsli formalaşıb.
Həmçinin Mingəçevirdə yerləşən müasir “8 Noyabr” Elektrik Stansiyasının ölkənin generasiya imkanlarının artırılması, enerjisisteminin etibarlılığının və dayanıqlılığının gücləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin elektroenergetika sahəsindəki fəaliyyətinə həsr olunan “Müstəqil energetikanın banisi” adlı material nümayiş etdirilib. Eyni zamanda, “Azərenerji” tərəfindən hazırlanan “Azərbaycan enerjisisteminin arxitekturası” kitabının təqdimatı keçirilib.
Çıxışlarda insan kapitalının energetika sahəsinin inkişafındakı roluna da toxunulub. Peşəkar kadrların hazırlanması, gənc mütəxəssislərin dəstəklənməsi, elm, təhsil və istehsal arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda energetika sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı və ictimai fəallığı ilə fərqlənən əməkdaşlar Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Energetika sahəsinə marağın artırılması məqsədilə tələbələr də mükafatlandırılıblar.
Qeyd edək ki, Mingəçevir Azərbaycanın əsas energetika mərkəzlərindən biri kimi ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutur.




















