Anevrizma, aorta və ya beyin damar divarının zəifləməsi və ya zədələnməsi nəticəsində qan damarı divarında yaranan qabarçıq və ya balona bənzər xaricə doğru şişkinlikdir. Bu, damarın normal diametrinin 50 faizdən çox genişlənməsi və ya balonlaşmasıdır.
Bakıvaxtı.az Türkiyənin “memorial.com.tr” saytına istinadən xəbər verir ki, anevrizma ən çox beyin və aorta damarlarında görülür. Lakin diz arkası, bağırsaq və ya dalaqda da meydana gələ bilər:
“Damar divarı elastikliyini itirib şişdikdə, bu nahiyə yırtılaraq beyin qanamasına yol aça bilər. Yaranma səbəbləri arasında yüksək qan təzyiqi, ateroskleroz, siqaret çəkmə, irəli yaş, genetik faktorlar və stres yer alır. Beyin anevrizması üçün isə əlavə olaraq narkotik vasitə (kokain) istifadəsi, ağır alkoqol istehlakı, kəllə-beyin travmaları və bəzi infeksiyalar risk faktorudur. Həmçinin, irsi birləşdirici toxuma xəstəlikləri və polikistik böyrək xəstəliyi riski artırır”.
Simptomlar
Anevrizmalar çox vaxt partlayana qədər heç bir əlamət vermir. Yırtıldıqda isə həyati təhlükə yaradır. Ən tipik əlaməti “həyatda yaşanan ən pis baş ağrısı” kimi xarakterizə olunan ani və şiddətli ağrıdır.
Digər əlamətlər - ürəkbulanma və qusma, boyun ağrısı və ya sərtliyi, bulanlıq görmə və işığa qarşı həssaslıq, göz qapağının düşməsi, qıcolmalar və şüur itkisidir.
Diaqnoz və müalicə
Müalicədə iki əsas üsul var: cərrahi klipləmə və endovaskulyar müalicə. Cərrahi əməliyyatda kəllə sümüyü açılaraq anevrizmanın boyun hissəsinə metal klips yerləşdirilir və qan axını dayandırılır. Endovaskulyar müalicədə isə qasıq və ya bilək damarından kateterlə girilərək damar daxilindən anevrizma bağlanır.
Anevrizma xəstələri siqaretdən uzaq durmalı, çəkilərinə nəzarət etməli, stresdən qaçmalı və qan təzyiqini nizamlı şəkildə yoxlatmalıdırlar.
Aydın Baxış
Bakı 




