q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Uşaqları peyvənd etdirmək niyə vacibdir?

CƏMİYYƏT

20 Aprel 2026 | 11:03

Uşaqları peyvənd etdirmək niyə vacibdir?

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə uyğun olaraq, 2026-cı ilin 19–25 aprel tarixlərində ölkəmizdə “İmmunlaşdırma həftəsi” keçirilir. Bununla bağlı səhiyyə naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən respublikanın bütün şəhər və rayonlarında immunizasiya tədbirlərinin genişləndirilməsi, xüsusilə peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunması, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və peyvəndlərlə əhatə səviyyəsinin artırılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, mövzunun aktuallığını nəzərə alaraq, “İmmunlaşdırma həftəsi”nin əhəmiyyəti və peyvəndləmə ilə bağlı ən çox verilən suallara aydınlıq gətirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloji şöbəsinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva nazirliyin saytına müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Gülafət xanım, “İmmunlaşdırma həftəsi”nin əsas məqsədi nədir və peyvəndlərlə idarə olunan xəstəliklər hansılardır?

- “İmmunlaşdırma həftəsi” hər il aprel ayının son həftəsində keçirilən və əhalinin sağlamlığının qorunmasında müstəsna rol oynayan bir kampaniyadır. “İmmunlaşdırma həftəsi”nin əsas məqsədi cəmiyyətin bütün yaş qrupları arasında peyvəndləmənin əhəmiyyəti, ən effektiv və təhlükəsiz üsul olduğu barədə məlumatlılığı artırmaq, insanları yoluxucu xəstəliklərdən qorumaq üçün vaxtında vaksinasiya olunmağa təşviq etmək, peyvəndlər haqqında yayılan miflərə elmi faktlarla cavab verməkdir.

Hər il bu mövzuya xüsusi diqqət ayrılmasının səbəbi, kollektiv immuniteti qoruyub saxlamaqla kütləvi epidemiya risklərinin qarşısını almaq və qarşısı alına bilən xəstəliklər səbəbindən yaranan fəsadları minimuma endirməkdir.

Bu kampaniya həm də valideynlərin vaksinlərə olan etibarını gücləndirməyə və müxtəlif səbəblərdən peyvənddən kənarda qalan uşaqları immunizasiya prosesinə cəlb etməyə xidmət edir.

Peyvəndlər vasitəsilə biz ölümlərə və əlliliyə səbəb olan bir çox infeksiyanın qarşısını ala bilirik. Bu qızılca, məxmərək, epidemik parotit, göyöskürək, difteriya, tetanus, poliomielit, vərəm, hepatit b, pnevmokok infeksiyası, qrip xəstəlikləridir.


- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən peyvəndlərin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət hansı formada həyata keçirilir?

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyə daxil olan hər bir peyvəndin Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasına və beynəlxalq təhlükəsizlik sertifikatlarına uyğunluğuna Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzləri ciddi nəzarət edirlər.

Mərkəzin əsas funksiyası ölkə üzrə epidemioloji vəziyyəti izləmək və vaksinasiya prosesinin planlaşdırılmasına rəhbərlik etməkdir. Ərazi GEM-ləri peyvəndlərin tibb müəssisələrinə vaxtında və bərabər şəkildə çatdırılmasını təmin edirlər.

Vaksinlərin istehsalçıdan tibb məntəqəsinə qədər olan yolunda temperatur rejiminin qorunması müasir «soyuq zəncir» sistemləri və mütəmadi aparılan monitorinqlər vasitəsilə təmin edilir.

Bu prosesin qüsursuz işləməsi üçün Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ərazi GEM-nin və tibb müəssisələrinin cavabdeh personal heyəti mütəmadi olaraq ixtisaslaşdırılmış təlimlərə cəlb olunur və onların maarifləndirilməsi istiqamətində davamlı işlər aparılır.

Tibb müəssisələrindəki saxlanma şəraiti ərazi GEM-nin mütəxəssisləri tərəfindən mütəmadi monitorinq olunur, hər bir flakonun yararlılığına və üzərindəki xüsusi indikatorlar vasitəsilə fərdi qaydada nəzarət edilir.

Belə kompleks nəzarət mexanizmi sayəsində vətəndaşlarımızın yalnız yüksək keyfiyyətli və tam təhlükəsiz preparatlarla təmin olunmasına şərait yaradılır.

- Nə üçün uşaqları peyvənd etdirmək vacibdir?

- Uşaqların peyvənd edilməsi sadəcə fərdi sağlamlığının qorunması deyil, həm də gələcək nəsillərin təhlükəsizliyi üçün atılan ən mühüm addımdır. Peyvəndlərin vacibliyini bir neçə əsas səbəblə izah etmək olar. Müasir tibb sayəsində biz artıq tarixdə milyonlarla uşağın ölümünə və ya şikəst qalmasına səbəb olan xəstəliklərdən qorunma gücünə malikik. Məsələn, vaxtilə qorxulu yuxuya çevrilən uşaq iflici (poliomielit) peyvəndləmə sayəsində demək olar ki, dünyadan silinmək üzrədir.

Uşaqların immun sistemi böyüklərə nisbətən daha zəif və həssas olur. Peyvəndlər orqanizmə xəstəlik törədicisini "tanıdır" və ona qarşı müdafiə hazırlayır. Beləliklə, uşaq real virus və ya bakteriya ilə qarşılaşdıqda orqanizm artıq mübarizəyə hazır olur.
Cəmiyyətdə uşaqların böyük əksəriyyəti peyvənd olunduqda, xəstəliyin yayılma zənciri qırılır. Bu, peyvənd olunması tibbi cəhətdən mümkün olmayan (məsələn, ağır allergiyası və ya immun çatışmazlığı olan) digər uşaqları da dolayı yolla qoruyur.
Peyvəndlə idarə olunan xəstəliklər təkcə keçici narahatlıq yaratmır, həm də qalıcı zədələr buraxa bilər. Belə ki, qızılca beyin iltihabına və korluğa, məxmərək doğuş qüsurlarına, epidemik parotit karlığa səbəb ola bilər. Biz bu gün uşaqları peyvənd etməklə xəstəliklərin kökünü kəsirik. Əgər bir xəstəlik tamamilə yox edilərsə, gələcəkdə həmin xəstəliyə qarşı peyvənd olunmağa belə ehtiyac qalmayacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının 14 aprel 2000-ci il № 857-İQ nömrəli “Yoluxucu Xəstəliklərin İmmunoprofilaktikası” haqqında Qanunda əhalinin sağlamlığının qorunması, sanitariya salamatlığın təmin edilməsi məqsədilə yoluxucu xəstəliklərin Immunoprofilaktika sahəsində keçirilən dövlət siyasətidir.

Əsas prinsip isə bütün vətəndaşlar üçün profilaktik peyvəndlər zəruri olmasıdır.

- Azərbaycan Respublikasında profilaktik peyvənd təqvimi haqqında məlumat verərdiniz?

- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə” nin 8.14-cü və 14.5-ci yarımbəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” nın icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasının təkmilləşdirilməsi üçün Respublikada yeni “Profilaktik peyvənd təqvimi” nin tətbiqi barədə 23 fevral 2024-cü il tarixli 3-28/3-1-63/2024 nömrəli əmrinə əsasən 2024-cü ilin 4 mart tarixindən etibarən immunlaşdırma tədbirləri sözügedən təqvimə uyğun həyata keçirilir.

Azərbaycan Respublikasında uşaqların profilaktik peyvənd təqvimi Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş dövlət proqramına əsasən tənzimlənir. Bu təqvim uşaqların ən riskli dövrlərində spesifik infeksiyalara qarşı immunitet qazanmasını təmin edir. Dövlət tibb müəssisələrində bu peyvəndlər ödənişsiz həyata keçirilir.

Peyvənd günü uşaq mütləq pediatr tərəfindən müayinə olunmalı, hərarəti ölçülməlidir. Uşaq tam sağlam olduqda peyvənd olunur. Əgər hər hansı bir səbəbdən peyvənd vaxtı keçibsə, sıfırdan başlamağa ehtiyac yoxdur. Həkimlə məsləhətləşib peyvəndləməyə fərdi cədvəl üzrə davam oluna bilər. Peyvənddən sonra yüngül qızdırma və ya inyeksiya yerində şişkinlik ola bilər. Bu, immunitetin formalaşdığını göstərən normal əlamətdir.

- Vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələr peyvənd olunmalıdırmı?

- Uşağı vaksinasiya etdirmək üçün heç vaxt gec deyil. Buraxılmış müddətdən asılı olmayaraq immun müdafiəni bərpa etmək mümkündür. Peyvənd qrafikində yaranan boşluğu doldurmaq üçün ilk növbədə sahə pediatrı ilə məsləhətləşərək uşağın yaşına uyğun fərdi bərpa planı tərtib edilməlidir.

Bu prosesdə əvvəlki dozaları yenidən başlamağa ehtiyac qalmır, sadəcə qalan peyvəndlər müəyyən intervallarla ardıcıl şəkildə tamamlanır. Bəzi hallarda uşağın qısa müddətdə lazımi müdafiə səviyyəsinə çatması üçün dozalararası müddət həkim nəzarəti ilə optimallaşdırıla bilər.

Hər bir peyvənddən öncə övladınız həkim tərəfindən fərdi qaydada müayinə olunur və yalnız onun tam sağlamlığına əmin olduqdan sonra peyvənd qərarı verilir.

Odur ki, əsassız qorxulara deyil, mütəxəssis rəyinə güvənərək övladınızı vaxtında qorumağa tələsin.

Unutmayın ki, vaksinasiya kursunu tamamlamaq uşağı yoluxucu xəstəliklərə yoluxmaqdan, onların ağır fəsadlarından, əlillikdən və ölümdən qorumağın ən etibarlı yoludur.
Peyvəndlənməmiş hər bir uşaq daim risk altındadır. Övladlarımızın gələcəyini sağlam görmək istəyiriksə, onları vaxtında peyvənd etdirək.

- Son illər profilaktik peyvənd təqviminin təkmilləşdirilməsi sahəsində hansı işlər görülür?

- Azərbaycanda uşaqların sağlamlığını qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş Profilaktik peyvənd təqvimi tətbiq edilir ki, bura 11 yoluxucu xəstəliyə qarşı ---Hepatit B, Vərəm, Difteriya, Göyöskürək və Tetanus, Poliomielit, B tipli hemofil infeksiya, Pnevmokok infeksiyaları, Qızılca, Epidemik parotit və Məxmərək əleyhinə peyvəndlər daxildir.

Belə ki, son illər ölkəyə bir inyeksiya ilə bir neçə xəstəliyin qarşısının alınmasına dair vaksinlər gətirilib. Buna misal olaraq 6 komponentli Heksavaksin vaksinini, 3 komponentli Qızılca, Epidemik parotit və Məxmərək əleyhinə vaksinini və s. qeyd etmək olar.

Bundan əlavə çox dozalı vaksinlərin yerinə tədricən tək dozalı vaksinlərin ölkəyə gətirilməsi də təmin edilib.
Peyvənd statusunuzu yoxlamaq və lazım olan dozaları almaq üçün yaşadığınız ərazi üzrə tibb müəssisəsinə sahə və ya ailə həkiminizə müraciət edə bilərsiniz.

- Vaksinasiyanın üstünlükləri və mümkün riskləri haqqında valideynlərə hansı tövsiyələri verərdiniz?

- Peyvənd insanı təhlükəli bakteriya və viruslardan qorumağa kömək edən xüsusi hazırlanmış immunobioloji preparatdır. Peyvəndlərin tərkibinə spesifik immun (qoruma) cavabı yaradan komponent və əlavə maddələr daxildir. Peyvəndləmə insanları xəstəliklərə yoluxmaqdan, yoluxduqda isə müəyyən ağırlaşmalardan, əlillikdən və ölümdən qoruyur.
Peyvəndləri vurdurmaq həm fərdi, həm də cəmiyyət səviyyəsində ağır gedişli yoluxucu xəstəliklərin qarşısını alır. Peyvənd olunmuş insanlarda xəstəliklərə yoluxma baş vermir, xəstəliyə yoluxsa belə yüngül keçirir. Bir çox peyvənd insanda illərlə, bəzən isə ömürlük immunitet yaradır. Ölkə üzrə əhalinin peyvəndlə əhatəsinin yüksək səviyyədə olunması yoluxucu xəstəliklərin yayılmasının qarşısı alınır və bu da xəstəliklərin elminasiyasına (ləğvinə) və eradikasiyasına (kökünün kəsilməsinə) səbəb olur.

- Profilaktik olaraq uşaqlara hansı yaş dövründə peyvəndləmə aparılır?

- Profilaktik peyvənd təqviminə əsasən doğum evində yenidoğulmuşlara 12 saat ərzində Hepatit B əleyhinə Hepatit B vaksini və vərəm əleyhinə BCG vaksini edilir.

Bundan əlavə, 2 aylıqda 6 komponentli Heksaksim və Pnevmokok vaksini, 3 aylıqda 6 komponentli Heksaksim, 4 aylıqda 6 komponentli Heksaksim və Pnevmokok, 6 aylıqda Pnevmokok və OPV (poliomielit əleyhinə), 1 və 6 yaşda QPM (qızılca, epidemik parotit və məxmərək əleyhinə), 18 aylıqda GDT (difteriya, göyöskürək və tetanus əleyhinə), 6 yaşda DT (difteriya və tetanus əleyhinə) vaksini ilə əhatə olunurlar.

Qeyd edim ki, vaxtında peyvənd almayan gecikmiş uşaqlara da müvafiq təlimata uyğun olaraq peyvəndlər tətbiq edilir.
Yuxarı yaşlı şəxslərin vaksinasiyası həm planlı, həm də mövsümi və ya epidemik göstərişlər əsasında aparılır.


SON XƏBƏRLƏR

19 Aprel 2026