Türkiyəli müğənni Çelikin Bakıda baş tutan konsertində qonaqlara hörmətsizlik etdiyi barədə xəbərlər yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sənətçinin onunla foto çəkdirmək istəyən tamaşaçılara qarşı kobud davrandığı iddia olunub. Bildirilir ki, bəzi izləyicilər müğənniyə yaxınlaşaraq şəkil çəkdirmək istəyib, lakin bu zaman itələnmə və narazılıq halları yaşanıb.
Məsələ ilə bağlı açıqlama verən Çelik sosial şəbəkədə video paylaşaraq “Çelik Bakıda niyə əsəbiləşdi? Siz olsanız nə edərdiniz?” sözlərini qeyd edib. Görüntülərdə tamaşaçılardan birinin onun geyimindən dartaraq şəkil çəkdirmək istədiyi və bu səbəbdən müğənninin narahat olduğu əks olunub.
Sənətçi tənqidlərə cavabında bildirib ki, uzun illərdir şəxsi səbəblərə görə hədiyyə qəbul etmir və şəkil çəkdirməkdən çəkinir. O, əlavə edib ki, uzun səfərlər və hazırlıqlardan sonra iki saat canlı ifa etdiyi üçün konsertdən sonra yorğun və tərli olur, bu səbəbdən insanlarla fiziki təmasdan qaçmağa çalışır.
Çelik hadisə zamanı yaşanan başqa bir məqama da diqqət çəkib:
"Məni sevən və az da olsa izləyən demək olar ki, hər kəs bunu bilir. 40 ildir hədiyyə qəbul etmirəm və şəklimin çəkilməsindən zövq almıram. Mümkün qədər bundan qaçıram. Bunun müxtəlif səbəbləri var. Digər səbəb isə 58 yaşımda uzun səyahətlərdən və hazırlıqlardan sonra, bir çox müğənnilərdən fərqli olaraq, iki saat canlı çıxış etməyim və tər içində olmağımdır. Ona görə də bu vəziyyətdə insanlara toxunmaqdan çəkinirəm.
Dünən bir qrup tamaşaçı səhnə arxası çıxışımıza necəsə çatmağı bacardı və içərilərindən bir səs dedi: "Məndə dördüncü mərhələ xərçəng var, xahiş edirəm sizinlə şəkil çəkdirmək istəyirəm". Eqomu kənara qoyub dərhal şəkil çəkdirdim. Digər pərəstişkarların "Siz ayrı-seçkilik edirsiniz, bu ədalətsizdir! Bir daha sizin konsertlərinizə gəlməyəcəyik!" kimi sözlər dediklərini eşitdim. Buna cavab verməkdə çətinlik çəkirəm. Dördüncü mərhələ xərçəng". /musavat.com
Bakı 




