Ana südü körpənin sağlam inkişafı üçün ən təbii və ideal qida mənbəyidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, ana südünün tərkibindəki yağlar, zülallar, karbohidratlar və vitaminlər körpənin ehtiyaclarına uyğun şəkildə balanslaşdırılıb və bu qida mənbəyi uşağın fiziki, sinir-psixi və idraki inkişafına müsbət təsir göstərir.
“Ana südü körpələr üçün ən təbii, ən ideal qidadır. Onun tərkibi o qədər mükəmməl balanslaşdırılıb ki, elm tərəfindən həm təbiət fenomeni, həm də qızıl standart kimi qiymətləndirilir”, – A.Məmmədova qeyd edib.
Pediatr bildirib ki, ana südü ilə qidalanan uşaqlarda həzm sistemi pozuntuları, bəzi infeksion xəstəliklər, yuxarı tənəffüs yolları və sidik yolları infeksiyaları, eləcə də orta qulaq iltihabları daha az müşahidə olunur.
Aygün Məmmədovanın sözlərinə görə, ana südü ilə qidalanmanın faydaları yalnız körpəlik dövrü ilə məhdudlaşmır. Belə uşaqlarda sonrakı yaş mərhələlərində allergik xəstəliklər, piylənmə və II tip şəkərli diabetin yaranma riski də daha aşağı ola bilər.
Həkim həmçinin vurğulayıb ki, ana südünün tərkibindəki faydalı yağ turşuları beynin və mərkəzi sinir sisteminin formalaşmasında, xüsusilə idraki inkişafda mühüm rol oynayır.
“Ana südü sağlam gələcəyin və sağlam nəslin formalaşması üçün ən dəyərli təbii qida mənbələrindən biridir”, – deyə pediatr əlavə edib.
Zeynəb Rzayeva
Bakı 



