• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Dərman vasitəsinin fərqli qiymətlərlə satışa təqdim edilməsi ilə bağlı məlumat yayılıb

CƏMİYYƏT

05 Avqust 2026 | 13:35

Dərman vasitəsinin fərqli qiymətlərlə satışa təqdim edilməsi ilə bağlı məlumat yayılıb

Sosial şəbəkələrdə “Selsept 500 mq №50 tablet” dərman vasitəsinin müxtəlif aptek müəssisələrində fərqli qiymətlərlə satışa təqdim edilməsi ilə bağlı məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, paylaşımda vətəndaş həmin dərman vasitəsinin iki ayrı aptekdə müxtəlif qiymətlərlə (birində 123,02 manat, digərində isə 67,60 manat) satıldığını bildirərək bunun səbəbini sual edib.

Qeyd edirik ki, Azərbaycanda dərman vasitələrinin satış qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir və təsdiq olunur. Bununla belə, mediada yayılan məlumat əsasında məsələ Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Araşdırma nəticəsində müəyyən edilib ki, “Selsept 500 mq №50 tablet” dərman vasitəsini 123,02 manata satan aptek müəssisəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməyib. Həmin dərman vasitəsi üçün Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş yuxarı satış qiyməti 123 manat 02 qəpik təşkil edir.

Müəyyən olunub ki, vətəndaşa “Selsept 500 mq №50 tablet” dərman vasitəsinin 67 manat 60 qəpiyə satışı “ZEYTUN PHARMACEUTICALS” MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 ünvanında yerləşən aptek müəssisəsində həyata keçirilib.

Mediada yayılan məlumat və mövcud faktlar əsas götürülərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin dövlət reyestrindən çıxarış əsasında Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən həmin aptek müəssisəsində plandankənar (növbədənkənar) yoxlama keçirilib.

Yoxlama zamanı müəyyən edilib ki, “Selsept 500 mq №50 tablet” dərman vasitəsi (böyrək, ürək və ya qaraciyər transplantasiyasından sonra orqan rəddinin qarşısını almaq üçün istifadə olunan immunosupressiv preparatdır) Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə edilən ən vacib dərman vasitələri siyahısına daxildir. Bu dərman həkim təyinatına uyğun olaraq dövlət tərəfindən həmin şəxslərə ödənişsiz təmin edilir.

Yoxlama çərçivəsində aptek müəssisəsinin məsul şəxsindən yazılı izahat alınıb. Təqdim olunmuş izahata əsasən, satışa çıxarılan preparat aptekə aid olmayıb, işçinin yaxın qohumuna məxsus olub və artıq istifadə edilmədiyi üçün aşağı qiymətə satılması məqsədilə aptekdə realizə edilib.

Araşdırma zamanı müəyyən olunub ki, bu hal qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyil. Bundan əlavə, yoxlama zamanı aptek müəssisəsində normativ-hüquqi aktların tələblərinin pozulması ilə bağlı digər nöqsanlar da aşkarlanıb.

Aşkar olunmuş pozuntularla əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülüb.

Analitik Ekspertiza Mərkəzi bir daha bildirir ki, vətəndaşların müraciətləri və mediada yayılan məlumatlar diqqətlə araşdırılır, qanun pozuntusu müəyyən edildiyi hallarda isə operativ nəzarət tədbirləri həyata keçirilir və qanunvericiliyə uyğun hüquqi qiymət verilir.

Eyni zamanda, media nümayəndələrindən xahiş olunur ki, səhiyyə sahəsinə aid məlumatları, xüsusilə Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aid məsələləri dərc etməzdən əvvəl rəsmi mövqeni də dəqiqləşdirsinlər. Bu, ictimaiyyətin düzgün məlumatlandırılmasına və yanlış təsəvvürlərin formalaşmasının qarşısının alınmasına xidmət edir.

Bir daha bildiririk ki, vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şübhəli dərman vasitələri və ya digər pozuntularla bağlı aşağıdakı vasitələrlə Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər:

“Bir pəncərə” sektoru;
Qaynar xətt: (012) 596 05 20;
E-poçt: aem@pharma.az;
www.pharma.az saytının “Müraciət” bölməsi.

Daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılır və zərurət yarandıqda müvafiq tibb və əczaçılıq müəssisələrində plandankənar yoxlamalar keçirilərək qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026